Sədəqəni necə verək ki Həcc ziyarətinin savabı bizlərə yazılsın?

Yəsə ibni Həmzə nəql edir: “İmam Rzanın (ə) məclisində idik. Çox sayda insan bu məclisdə iştirak edirdi. Həzrətə (ə) halal və haramdan, əhkamdan suallar verirdilər. İmam (ə) da onların cavablarını verirdi. Bu zaman məclisə uzun boylu bir kişi daxil oldu,salam verib İmama (ə) dedi: “Mən sizin, pak atalarınızın dostlarındanam. Həcc səfərində pulum qurtardı və vətənimə qayıtmaq üçün pulum yoxdur. Əgər imkan varsa, yol pulunu mənə verin ki, vətənimə çata bilim. Allah məni öz nemətlərindən bəhrələndirmişdir. O zaman ki, vətənimə çatacağam, həmin pulu sizin adınızdan sədəqə verəcəyəm”. (Erfan)

İmam Rza (ə) ona buyurdu: “Əyləş, Allah sənə lütf etsin”. Sonra mübarək üzünü insanlara çevirdi və onların suallarını cavablandırdı. İnsanların hamısı getdilər. Həmin müsafir kişi qaldı. Mən, Süleyman, Xəsimə İmamın (ə) xidmətində qaldıq.

İmam (ə) bizə buyurdu: “İcazə verirsinizmi ki, evə gedim?”.
Süleyman dedi: “Allah sizin izninizi bizdən üstün bilmişdir”.
Həzrət (ə) ayağa qalxdı və hücrəsinə daxil oldu. Bir neçə dəqiqə sonra qayıtdı və qapının arxasından buyurdu: “O xorasanlı kişi haradadır?”.
Həmin kişi ayağa qalxdı və dedi: “Buradayam”.

İmam (ə) qapının yuxarısından əlini uzatdı və buyurdu: “Bu bir neçə dinarı götür və yol xərcini ödə və bu məbləğ sənin olsun, lazım deyil ki, mənim tərəfimdən sədəqə verəsən. Get ki, nə mən səni görürəm, nə də sən məni”.

Xorasanlı kişi pulu aldı və getdi. Süleyman İmama (ə) dedi: “Fədan olum, əta etdin, mehribanlıq etdin. Bəs niyə pul verən zaman özünü göstərmədin?”. İmam (ə) buyurdu: “Ondan qorxdum ki, hacətini yerinə yetirdiyim üçün xəcaləti üzündə görüm. Məgər Peyğəmbərin (s) bu kəlamını eşitməmisən ki, buyurub: “Yaxşı işini gizlədən insanın mükafatı 70 həccin mükafatına bərabərdir”./Deyerler.

Fİkrİnİzİ bİldİrİn: