Ticarətdə bahaçılıq yaradan insanların şəxsiyyəti haqda məsumlar nə buyurmuşlar?


Möhtəkirlik – camaatın çox ehtiyacı olduğu məhsulu, ya malı baha qiymətə satmaq məqsədi ilə toplayıb saxlamaqdır. Bu, dinimizin çox kəskin pislədiyi bir işdir. Allahın Peyğəmbəri (s) buyurub: «Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz».

Və yaxud, İmam Əlidən (ə) nəql edirlər: «Möhtəkirlik – yaramaz adamların xasiyyətidir».

Dinimiz buyurur ki, möhtəkirlik cəmiyyətə həm iqtisadi, həm də mənəvi zərbə vurur. İmam Əlidən (ə) nəql edirlər: «Möhtəkirlik məhrumiyyətə səbəb olar».

İmam Əlinin (ə) Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında da bu mövzuya işarə edilir: «Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyib və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir».

Digər yerdə İmam Əli (ə) buyurub: «Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur».

Möhtəkirləri cox acı bir aqibət gözləyir. Onlar hətta qatillərlə də bərabər tutulurlar. Allahın Peyğəmbəri (s) buyurub: «Möhtəkirlərlə adam öldürənlər cəhənnəmdə bir cərgədə və bir dərəcədədirlər».

Bu silsilədən digər buyuruşda Allahın Peyğəmbərindən (s) nəql edirlər: «Hər kəs qida məhsulunu bahalaşma ümidi ilə qırx gün saxlasa, Allahdan bezar olmuşdur və Allah da ondan bezardır».

Yenə də bu mövzuda Rəsuli-Əkrəmdən (s) nəql edilir: «Hər kəs qida məhsulunu alıb müsəlmanlara baha qiymətə satmaq üçün qırx gün saxlasa və qırx gündən sonra satıb onun bütün gəlirini sədəqə versə də, onun günahının kəffarəsi olmayacaq».

Bədbəxlik odur ki, möhtəkirlərin nə dünyaları var, nə də axirətləri. İmam Əli (ə) buyurub: «Xəsis möhtəkir eləsi üçün (varisə) yığır ki, ona təşəkkür etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki, onun üzrünü qəbul etməyəcəkdir»./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter