Həzrəti Suleyman (ə) təvazökarlığını hansı rəftarı ilə göstərdi?


HƏZRƏT SÜLEYMANIN (Ə) TƏVAZÖKARLIĞI

Həzrət Süleyman (ə) o qədər cah-cəlallı, əzəmətli idi ki, tayı-bərabəri yox idi. Amma belə bir məqam sahibi özünü o qədər təvazökar aparardı ki, hətta qarışqa da onu mühakimə edib haqqını istəyərdi. Bir gün Süleyman peyğəmbər əlinin üstündəki qarışqanı yerə qoydu. Süleyman o qədər təvazökar idi ki, qarışqa belə ona etiraz edib dedi: “Bu xudpəsəndlik nədir? Məgər bilmirsən ki, mən də sənin kimi Allahın yaratdığıyam? Sənin nə üstünlüyün var ki, mənimlə belə rəftar edirsən?” Qarışqanın sözləri Süleymanı (ə) təsirləndirdi. Düşündü ki, qiyamət günü bu şəkildə mühakimə edilsə, çətin olacaq. Bu fikirlərdən sonra özünə gəlib əmr etdi ki, qarışqanı onun hüzuruna gətirsinlər.

Süleyman (ə) dedi: “Nə üçün belə qəzəblə etiraz etdin?” Qarışqa cavab verdi: “Mənim bədənim zəifdir. Sən məni tutub yerə atanda bədənim əzildi, narahat oldum. Bu rəftarına görə də etiraz etdim.” Süleyman (ə) həmişəki təvazökarlıqla dedi: “Mən bu işi pis niyyətlə etməmişəm, sənə verdiyim əziyyətə görə üzr istəyirəm!” Misilsiz əzəmətə malik Süleyman (ə) ən zəif bir varlığı bilmədən azacıq incitdiyi üçün üzr istəyir!
Qarışqa deyir: “Mən səni bağışladım. Bir şərtlə ki, dünyaya şəhvət və nəfsi istəklər ilə üz tutmayasan, sərvəti insanlara sərf etmək üçün istəyəsən, israfa yol verməyəsən, ləzzətlərə uyub xalqı unutmayasan, kömək istəyənlərə öz yardım əlini uzadasan.” Qəlbi zəiflərə mərhəmətlə dolu olan Süleyman peyğəmbər (ə) qarışqanın şərtlərini qəbul etdi, qarışqa da Süleymanı (ə) bağışladı. Ariflər özünə salmamış nəzər, Baxışları daim fələkdə gəzər.
Böyüklük sayılmaz görkəm, danışıq, İmandır insana verən yaraşıq. Özün kiçildəni, Allah ucaldar, Özün böyük bilən özün aldadar. Həqiqəti görən keçir “mən”indən, Ucalır göylərə qopur tənindən. Məğrurda, lovğada gəl axtarma din, Üsyankar bəndəyə taleh də bədbin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter