Bərzəx aləminin əzabı Qiyamətə qədər davam edəcəkmi? Əhvalat


Həzrət İsa (ə) bir qəbrin kənarından keçir ki, əzab çəkir. Ancaq bir il keçəndən sonra yenə həmin qəbrin kənarından keçən zaman görür ki, qəbir sahibi əzab çəkmir. Allah Təaladan istəyir ki, bunun səbəbini ona agah etsin. Vəhy gəlir ki, onun saleh övladı vardır ki, bu müddət ərzində həddi-büluğa çatmış və iki saleh əməl yerinə yetirmişdir. Biri budur ki, bir yolu insanlar üçün səliqəyə salmışdır. O biri əməli isə odur ki, bir yetimə məskən vermişdir. “Mən də bu saleh övladın əməllərinə görə atasının əzabını aradan qaldırmışam”. Ona görə də insan hər nə qədər bərzəx aləmində olarsa-olsun, o demək deyildir ki, o müddətin hamısında əzab çəkər. Onun əzabının qarşısını alan əməllər vardır ki, varisləri onu yerinə yetirməklə onu həmin əzabdan xilas edə bilərlər. Ona görə də Məsumlarımızın (ə) buyurduğu kimi, qəbirdə yatan yaxınlarımızı yaddan çıxartmayaq və saleh əməllərimizə onları da şərik edək. Onlar üçün xeyir duası edib, bağışlanma istəyək.


Heyvanların ruhunu da Əzrayil (ə) alır?


Bu mövzu ilə bağlı iki nəzər vardır: 1. Heyvanların ruhu Əzrayil (ə) tərəfindən alınar. 2. Məmur edilmiş başqa dörd mələk bu işlə məşğuldurlar.
Əllamə Məclisi bu haqda buyurur: “Hədislərimiz içində bu iki nəzəri isbat edən heç bir dəlilə rast gəlinməmişdir. Ona görə də bu haqda nəzər verən zaman ehtiyata riayət etmək lazımdır”.
Əzrayil (ə) haqqında belə bir hədis nəql edilir ki, mələk buyurur: “Mən heç bir şeyə, hətta ağcaqanadın ruhunu qəbz etməyə belə Mənnan Allahın izni olmadan qadir deyiləm”. Bu səbəbdən heyvanların ruhunun qəbzi Əzrayilə (ə) nisbət verilmişdir. Seyyid Nemətullah Cəzairi də bu nəzəri təsdiq etmişdir.


Hansı dörd xüsusiyyət insanın behişt əhli olmasına kömək edər?


Şeyx Mufid “Əmali”də İmam Kazımdan (ə) nəql edir ki, buyurur: “Peyğəmbər (s) buyurmuşdur: \"Dörd sifət vardır ki, hər kimdə olarsa, Allah onu behişt əhlindən qərar verər:
1. O kəsin ki, pənah yeri – Allahın yeganə olmasını və mənim risalətimi etiraf etməsi olar.
2. O kəsə ki, Allahın ənamı olarsa, o, deyər: “Əlhəmdulillah”.
3. O kəs ki, günaha düçar olan zaman deyər: “Əstəğirullah”.
4. O kəs ki, müsibətə düçar olan zaman deyər: \"İnna lillah və inna ileyhi raciun”.


İmam Əli (ə) behiştin təsvir və həqiqətini necə tanıtdırır?!


İmam Əlinin (ə) mübarək dilindən behiştin təsviri: Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə” kitabında bir çox mövzulara toxunmuş və bəzi açılmayan sirləri bizim üçün açmağa çalışmışdır. Bu mövzulardan biri də behiştlə bağlıdır. Həzrət Əli (ə) bu haqda buyurur: “Əgər öz qəlb gözünlə sənə təsvir olan behiştə nəzər salsan, dünyada olan hər şeydən: xahişlərdən, ləzzətlərdən, gözəl mənzərələrdən ürəyini qopardacaqsan. Düşüncələrin heyrətə gələcəkdir. Çünki ağac yarpaqlarının avaz oxuması barəsində düşünərsən, o ağaclar ki, çayların kənarında bitərlər. Nazik budaqlarından mirvari kimi salxımlar asılar. Gülləri arasında cürbəcür meyvələri yer alar. Onları heç bir əziyyət olmadan dərmək olur. Elə ki, hansı asılan meyvəni arzu edər, əlində qərar tutar...


Kimlər hesabsız behiştə və kimlər cəhənnəmə gedərlər?


Qiyamət günü hesab vermədən behiştə gedəcəklər. Belə ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Allah Təala buyurur: “Ey o bəndələr ki, Mənim yolumda düşmənləri öldürmüsünüz və öldürülmüsünüz, Mənim yolunda sizə əziyyət və çətinlik çatmışdır, Mənim yolumda cihad etmisiniz – behiştə daxil olun. Onlar hesab vermədən və əzab olmadan behiştə daxil olarlar””.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, buyurur: “6 dəstə hesab vermədən atəşə daxil olacaqdır: 1. Zülm edən əmirlər və hakimlər. 2. Təəssübkeş ərəblər. 3. Təkəbbür edən kəndlilər. 4. Yalan danışan tacirlər. 5. Həsəd aparan alimlər. 6. Simiclik edən zənginlər”.


İntihar edən insanın Allah yanında günahı nə qədər ağırdır?


Əbu Səyid Xədəri nəql edir: “Müharibələrin birində Peyğəmbərin (s) kənarında idim və iş bölgüsü edirdik. Dostlarımızın arasında bir nəfər var idi ki, üç nəfərin işini yerinə yetirirdi. Yəni, həm odun toplayırdı, həm su gətirirdi, həm də yemək bişirirdi. Bu insanın fədakarlığı haqqında Peyğəmbərə (s) xəbər verirlər. Həzrət (s) buyurur ki, əslində həmin şəxs – cəhənnəm əhlindəndir. Çox təəccüb etdik. Amma o zaman ki, müharibə başladı, həmin şəxs yaralandı. Yarasının şiddətli ağrısına görə bir nizə götürdü və özünü öldürdü. Peyğəmbərimiz (s) buyurdu: “Şəhadət verirəm ki, mən Allahın rəsulu və Onun bəndəsiyəm””. Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: “Hər kim özünü boğar, Allah onu Qiyamət günü cəhənnəm atəşinə atacaqdır”. Hz Peyğəmbər (s) buyurur: “Hər kim hansı vasitə ilə olursa-olsun intihar edərsə, Qiyamət günü ona həmin vasitə ilə əzab verəcəklər”.


Özünə qəsd etmək çətinliklərdən xilas olmaq deməkdir?!


Fərd özünü öldürməklə dünya acılarından xilas olmaq istəyir. Amma bilmir ki, onu daha çətin ağrı-acılar və əzablar gözləyir!
\"(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.\" (Bəqərə, 195). İzah: İslamda intiharın haram olması çox aydındır. Allah, insana xüsusi hörmət vermişdir və həyat neməti Allahın ən üstün nemətlərindəndir (Nisa, 29). Ona görə də belə bir neməti almaq Allaha nankorluq və Rəbbin işinə qarışmaqdır. İntihar hansı səbəbdən olursa olsun, Allaha imanın zəifliyindən, həmçinin məada inamsızlıqdan mənşə alır. Çünki fərd özünü öldürməklə dünya acılarından xilas olmaq istəyir... Hədis: İmam Sadiq (ə): “Kim bilərəkdən özünü öldürsə, əbədi olaraq Cəhənnəm odunda yanacaqdır.” (Kafi, c. 7, səh, 45, hədis: 1).


Ən ağrılı əzab hansı günahlara görədir?


Bəs bu haqqun-nas nədir ki, hətta Allahın haqqından belə üstün hesab edilir? Haqqun-nasın növləri vardır: Maddi haqqun-nas. İnsanlardan aldığımız borc və ya zay etdiyimiz mal və ya öz malımızı icazəsi olmadan başqalarının malına daxil etməyimiz kimi. Abır haqqı. Nə zaman kiminsə qeybətini edərik, onun abrını aparmış olarıq.
Bəli, ən ağrılı əzab haqqun-nas günahına görə olacaqdır. Biz bəzən heç bilmədiyimiz halda çox sayda haqqun-nas günahı işlədirik. Belə ki, məktəbdə oxuyan zaman bəzilərimiz partaları yazmağı sevirdilər və bu işin haqqun-nas olduğunu bilmirdilər. Ümumi mala vurduğumuz hər bir ziyan - haqqun-nasdır. Bəzən iş yerində lazımsız yerə kompyuterin açıq qalması və ya lazımsız halda işıqların yanması da haqqun-nasa aiddir. Bu əməlimizlə bilmirik ki, Qiyamət günü minlərlə insanı razı salmalıyıq... Həzrət Peyğəmbər (s) buyurur: “Allah mənə vəyh etmişdir ki, öz ümmətinə de: “Mənim evimə o halda daxil olmasınlar ki, boyunlarında bəndələrimin haqqı olsun. Onlara lənət edərəm””.


Bu işlərə aludə olmaqla ölüm anınızı çətinləşdirməyin – İmam Sadiq (ə)


Ölüm anı da insanın dünya həyatının bir parçası olduğu üçün bu ayədə deyilən mətləb burada da şamil olur. Yəni insan üçün ən şiddəti və ağır olan ölüm anı birbaşa onun əməlləri ilə six bağlıdır. İmam Sadiq (ə) bir neçə ələlə işara edir ki, bu əməllər həm insan ömrünü, həm də ömrün bir parçası olan ölüm vaxtını zay edər, çətinləşdirər: “Başqalarının haqqına təcavüz etmək nemətləri zay edər, Haqsız yerə birini öldürmək ona peşmançılıq gətirər, Başqalarına zülm etmək ilahi intiqamla üzləşməsinə səbəb olar, Şərab içmək onun eyiblərini açar (həyasını aparar), Zina ruzisini daraldar, Qohumlarla əlaqəni kəsmək ömrü qısaldar, ağ valideyinlik həyatı puç edər (qara bəxt edər).” (İləluş-şəraye 2/584)


Qul haqqı ilə Allahın hüzuruna gələnlərin aqibəti necə olacaq?


Bəli! Başqasına zülm etmək günahdır. Həm də günah olmaqla yanaşı başqasının haqqına təcavüz və qəsbdir. Hədislərə və alimlərin izahlarına əsasən həqiqi tövbə edən şəxsin günahlarını Allah bağışlayır. Amma Quranın hər kəsi ədalətə dəvət etdiyini nəzarə alsaq ədalətin ən əsas şərti budur ki, hər kəsin haqqı özünə qaytarılsın. Bu əsasla qiyamətdə insanların haqları alınıb özlərinə qaytarılacaq. Bu da o deməkdir ki, insan günah etməklə Allahın təyin etdiyi həddi aşır. Tövbə etdikdə isə Allah onu bağışlayır. Lakin günah etdiyi sırada başqalarına zülm edibsə, onların haqqını qaytarmalıdır və halallıq almalıdır. Əks halda bunu axirətdə etməli olacaq. İmam Əli (ə) bu barədə buyurub: “Haqq hesab günü zalimin məzluma zülm etdiyi gündən daha şiddətli olacaq.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter