Yəhudi alimin şübhələri və İmam Əlinin (ə) mübarək izahları nələr oldu?!


Şam əhlindən olan yəhudi Mədinəyə daxil olur. O, Tövratı, İncili, Zəburu və peyğəmbərlərin (ə) səhifələrini oxumuş alim idi. Peyğəmbərin (s) səhabələrinə ki, aralarında Əmirəl-möminin (ə) də vardı, rast gəlir. Onunla İmam Əli (ə) arasında uzun bir müzakirə baş verir. Bu müzakirənin bir hissəsi ilə biz də tanış olaq.
Yəhudi alim dedi: “Mən sizə sual verirəm və siz də cavabınızı hazırlayın”. Həzrət (ə) buyurdu: “Başla”.
Yəhudi: “Həzrət Adəmdən (ə) başlayıram. Allah mələkləri ona səcdə etməyə vadar etdi. Muhəmmədin (s) belə bir fəziləti vardırmı?”.
Həzrət Əli (ə) buyurdu: “Elədir. Bunu bil ki, əgər Allah mələkləri Adəmə (ə) səcdə etməyə vadar edibdirsə, bu səcdə Adəmə (ə) itaət etməkləri üçün olan səcdə deyildi. Əslində bu səcdə - bir növ Adəmin (ə) fəzilətini etiraf etmək idi...


Möminə yaraşmayan Sui-zənni müalicə etmək olarmı?


Sui-zənni tərk etmək istəmək – əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar. Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:
1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək.
2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir.
3. Nə zaman sui-zənn etsəniz, Allaha pənah aparın, istiğfar və tövbə ilə Ondan yardım istəyin. Bu tövsiyələrə əməl etmək sayəsində insan sui-zənn kimi rəzil xislətdən islah oluna bilər.


Döyüşlər zamanı möminlərə necə İlahi yardımlar edilirdi?


Allahın müsəlmanlara döyüş zamanı qeybi yardımlarından biri yağış vasitəsilə olmuşdur. Belə ki, Bədr döyüşü zamanı Qureyş ordusu müsəlmanlardan əvvəl Bədr quyularına çatırlar. Oranı zəbt edir və yolları bağlayırlar. Müsəlmanlar da çarəsiz qalaraq, susuz və qumlu səhradan getməli olurlar. Qum onlara hərəkət etmək üçün mane olurdu.
Bu zaman bir tərəfdən düşmən ordusunun çoxluğu və hərbi sürsatla təchiz olması, bir tərəfdən hərəkətin çətin olması onları qorxurdu. Susuzluqları o həddə çatır ki, artıq hərəkət edə bilmirlər. Şeytan (lən) da fürsətdən istifadə edib, onlara vəsvəsə edir və qaçmağa dəvət edirdi. Bu zaman İlahi yardım onların imdadına çatır. Yağış yağır və şeytanın vəsvəsələrinə qalib gəlir. Yağış ayaqlarının altındaolan qumu bərkidir və hərəkət üçün asanlaşdırır. Su damcıları yığılıb, onları sirab edir. Bu yağış müsəlmanların qəlbini bir-biri ilə möhkəm bağlayır. Onları bir-birinə yaxın edir və onlar sabitqədəm olurlar...


Rəvayətlərə əsasən Ən böyük yoxsul kimdir?


Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Bilirsinizmi ki, müflis kimdir?”. Cavab verirlər: “Bizim nəzərimizdə müflis o kəsdir ki, nə pulu vardır, nə də malı”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Mənim ümmətimdə müflis o kəsdir ki, Qiyamət günü namaz, oruc və zəkatla gələcəkdir, ancaq kiməsə söyüş söydüyü üçün, kiməsə iftira etdiyi üçün, kiminsə malını yediyi üçün, kiminsə qanını tökdüyü üçün, kimisə döydüyü üçün həsənələrindən xatalarına görə verəcəkdir. Əgər həsənələri qurtarsa və hələ hesabını verə bilməsə - onların günahlarından götürər, o yerə qədər ki, atəşə daxil olar. Həqiqi müflis odur”.
İmam Əli (ə) cahilliyi yoxsulluğun son həddi hesab edir. Həzrət Əli (ə) buyurur: “Nadan kimi yoxsul yoxdur. Ən böyük yoxsulluq – axmaqlıqdır”.


Əhdi pozanlara hansı beş ilahi əzab verilər?!


Qurani-Kərimdə buyurulur: “Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin, Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Ali-İmran” 77).
Bu mübarək ayədə əhdi pozanları gözləyən beş İlahi əzaba işarə edilmişdir:
1. Axirətdə bəhrəsiz qalmaq. 2. İlahi xitabdan məhrum olmaq. 3. İlahi lütfdən məhrum olmaq. 4. Günahdan pak olmaqdan məhrum olmaq. 5. Ağrılı əzaba düçar olmaq.


Həzrət Loğmanı bu cür hikmətli edən nə idi?


İmam Sadiq (ə) Loğmanın şəxsiyyətini belə təsvir edir: “Loğmana verilən hikmət – nəsli və nəcabəti, malı, ailəsi, bədən qüdrəti, gözəlliyinə görə deyildi. O, Allah yolunda güclü insan, Allah haramlarına qarşı təqvalı, düzgün düşünən, fikir və nəzər sahibi idi. Qəlbini davamlı olaraq təfəkkürlə müalicə edərdi. Nəfsini ibrətlərlə tərbiyə edərdi. Dava edən iki nəfərin yanından keçib getməzdi. Məgər o halda ki, aralarında barışıq bərqərar edərdi. Heç bir zaman bir insandan yaxşı və bəyənilən söz eşitməzdi, məgər o halda ki, onu tərifləyərdi. Ondan soruşardı ki, bu sözü kimdən eşidibdir və təfsiri nədir? Müdriklərin və fəqihlərin məclislərində iştirak edərdi. Qazilər və padşahlarla ünsiyyət qurardı və onlara nəsihət verərdi ki, İlahi imtahana diqqət etsinlər və Allaha söykənsinlər. Davamlı olaraq elm axtarışında idi ki, onun vasitəsilə nəfsinə hakim olsun. Nəfsi istəkləri ilə mübarizə etsin. Heç bir zaman görmədiyi şey haqqında nəzər verməzdi”.


Cavan hansı xasiyyətinə görə Hz Davudun (ə) behiştdə yanında yerləşdiriləcək?!


Allah Həzrət Davuda (ə) vəhy edir ki, Ovusun qızı Xəladəyə behişt müjdəsi versin. Onu agah etsin ki, behiştdə Davudla (ə) yoldaş olacaqdır. Davud (ə) da onun evinə gəlir və Xəladə qapını açır. Davudu (ə) görən kimi tanıyır və deyir: “Mənimlə bağlı bir şey nazil olmuşdur ki, bura gəlmisiniz?”. Davud (ə) deyir: “Bəli, sən behiştdə mənim yoldaşımsan”. Xəladə deyir: “Ola bilsin ki, mənimlə eyni adda olan başqa biri olsun. Onun haqqında nazil olmuşdur”. Davud (ə) deyir: “Xeyr. Sənin barəndə nazil olmuşdur. Öz halından bir qədər mənə danış”. Deyir: “Mənə çatan hər bir ziyana görə səbir edirəm və Allahın rizasına təsliməm. Heç bir şeyin qayıtmağını istməmişəm, ancaq Onun razılığını istəmişəm. Heç bir şeyin qarşılığında əvəz istəməmişəm və Ona şakir olmuşam”. Davud (ə) deyir: “Buna görə bu məqama çatmısan ki, sənin barəndə vəhy nazil olubdur”.


Həzrət Yusifin (ə) yuxu yozumu nədən qaynaqlanırdı?


... Əslində başqa insanlar yuxu yozan zaman ehtimallara söykənirlər. Ancaq Həzrət Yusifin (ə) elmi – yəqinə söykənən bir elm idi. Çünki bu elm – ladoni elm idi, Allah tərəfindən inayət edilmiş elm idi. Ona görə də heç bir zənn və gümana bunda yer yox idi. Bu yolla Həzrət Yusif (ə) Allahın nələrə qadir olduğunu bir daha cahil insanlara göstərməyə çalışmışdır. O şeyi ki, onlar hiss edir və ehtimal verirdilər, Yusif (ə) onun haqqında qətiyyətlə danışır və bu elmdə yəqinliyə çatdığını bir daha nümayiş etdirirdi. Ona görə də buyururdu ki, bu, Allahın elmidir, mənim yozumum deyildir. Beləliklə deyə bilərik ki, hər kimin qəlbi və ruhu nə qədər təmiz və pak olarsa, Allah ona daha çox yaxın olar. İnsanlara xidmətdə həmin şəxsə yardım edər və onu əli çatmadığı elmlərə yetişdirər. Çünki Allah Təala mömin bəndələrinə həmişə yardım etmiş və etməkdədir...


Siffeyn döyüşündə Fəratın yolunu bağlamış düşməni kim əzdi?


Abdullah ibni Qeys, İmam Əli (ə) haqqında deyir: “Siffeyn döyüşündə İmam Əlinin (ə) ordusunda idim. Əbu Əyyub Sələmi, Müaviyyənin (lən) ordu rəhbərlərindən idi ki, Fərat çayının qarşısını bağlayır. Ordudakılar susuzluqdan İmama (ə) şikayət edirlər. İmam (ə) da su gətirmək üçün bir neçə dəstə göndərir, ancaq onlar ümidsiz qayıdırlar. Bu zaman atasını nigaran görən İmam Hüseyn (ə) buyurdu: “Atacan! Mən su yolunu açmaq üçün gedimmi?”. İmam Əli (ə) buyurdu: “Bəli, oğlum get!”. İmam Hüseyn (ə) bir dəstə götürüb, su yolunu açmaq üçün düşmənə hücum çəkdi. Düşmən əsgərlərini Fəratın kənarından qovdu və orada xeymə qurdu. Bir neçə adamı oranı qorumaq üçün vəzifələndirdi. Sonra atasının yanına gəldi və qələbəsini ona müldə verdi. İmam (ə) bu xəbərdən ağladı. İmama (ə) deyirlər: “Ey Əli! Niyə ağlayırsan? Bu, döyüşdə əldə etdiyimiz ilk qələbədir!”. İmam (ə) buyurdu: “Bəli, doğrudur. Ancaq mən Aşura gününü yada saldım ki, Hüseynim (ə) dodağı susuz halda şəhid olacaqdır.


Övladın tərbiyəsi hansı 4 yolda olmalıdır?!


Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar. Hər nəyi görərsə, təqlid edər və təkrar edər. Ya həmin qalada süqut edər, ya da ucalar. Çünki insan şəxsiyyətinin xəmiri ilk olaraq ailədə yoğrular və ora nə qatılarsa, ömrü boyu onu izləyər və ona təsir qoyar. Ona görə də valideynlər əgər sağlam və dindar övlad böyütmək istəyirlərsə, gərək dinimizin tərbiyə üçün buyurduğu dörd yolu özləri üçün sərlövhə qərar versinlər. Bu yollar ilə tanış olaq:
1. Tanıma. Əgər övladınızın dindar və sağlam ruhiyyəli böyüməsini istəyirsinizsə, onu, uyğun dərk səviyyəsində Allah və din ilə tanış etməlisiniz. Yəni, dinin toxumları ona, ilk dil açdığı və ətrafını dərk etməyə çalışmaq istədiyi mərhələdə səpilməlidir. Uşaq gərək din sahəsində zənn və gümanlara söykənməsin. Çünki Quran buyurur: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter