Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək?


Peyğəmbər və imam yanında hansı hörmətə malik olduğumuzu necə bilək? Həsən ibn Cəhm adlı şəxs bir gün İmam Rzadan (ə) xahiş etdi ki, dualarında onu unutmasın (yəni onun barəsində də dua etsin). İmam onun xahişinə sualla cavab verdi:
“Məgər elə bilirsən ki, mən (dualarımda) səni unutmuşam?” Həsən düşündü ki, İmam öz tərəfdarlarından ötrü dua edir; o da İmamın tərəfdarlarından biridirsə, deməli, İmam onun da barəsində dua edir. Ona görə cavab verdi: “Xeyr, bilirəm ki, məni unutmursan”. Həsənin təəccübünə rəğmən İmam yenə ondan soruşdu: “Bunu haradan bildin?” Həsən söylədi: “Sən öz tərəfdarlarından ötrü dua edirsən, mən də sənin tərəfdarlarındanam”. İmam onu dinləyib yenə sual verdi: “Bu məsələdən başqa bir şey anladınmı?” Həsən dedi: “Xeyr”. Onda İmam belə söylədi: “Əgər mənim yanımda hansı yerə (məqama) sahib olduğunu bilmək istəyirsənsə, bax ki, sənin yanında mən hansı yerdəyəm”


Ən ayıq və ən zirək insan kimdir?


Ən ayıq və ən zirək insan kimdir? İmam Əli (ə) nəql edir ki, Peyğəmbər (s) buyurub: “Ən zirək və ən ayıq insan o kəsdir ki, özünü hesaba çəkər və öz ölümündən sonra iş görər”.
Bu hədisi eşidən bir nəfər soruşur: “Ey Əmirəl-möminin! Nəfsimizi necə hesaba çəkək?”. İmam Əli (ə) buyurur: “O zaman ki, səhəri edər və sonra həmin gün sona çatar, insan özünə qayıtsın və xitab edərək desin: “Ey nəfs! Bu gün elə bir gün idi ki, səndən artıq keçdi və heç bir zaman geri qayıtmayacaqdır. Allah sənə sual verəcəkdir ki, bu günü hansı yolla sona çatdırdın və onda nə iş gördün? Allahı yada saldın və ona sitayiş etdinmi? Möminlərin ehtiyacını yerinə yetirdinmi? Möminin qəmini aradan apardınmı? Mömin olmayan zaman ailəsi və övladları yanında abırını qorudunmu? Möminin arxasınca qeybət etməkdən özünü saxladınmı? Müsəlmana yardım etdinmi? Sən bu gündə nə etdin? Əgər cavabında desə ki, yaxşı işlər görmüşəm, Allaha şükür et. Sənə nəsib etdiyi tofiqə görə təkbir de. Əgər desə ki, günah etmişəm və ya səhlənkarlıq etmişəm, Allah dərgahında istiğfar et və bağışlanma istə. Qərara al ki, bir daha günahı təkrar etməyəcəksən”.


İlahi rəhmətdən bəhrələnməyin 6 meyarı hansılardır?


İlahi rəhmətdən bəhrələnməyin 6 meyarı hansılardır? “Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər – onlardır. Həqiqətən, Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir”. (“Tövbə” 71).
Allah Təala bu nurani ayədə İlahi rəhmətdən bəhrələnməyin 6 meyarını bəyan etmişdir.
1. Əmr-be-məruf. 2. Nəhy-əz-munkər. 3. Namaz qılmaq. 4. Zəkat vermək. 5. Allah Təalaya itaət etmək. 6. Həzrət Peyğəmbərə (s) itaət etmək...


Yetim uşaqdan da artıq yetim kimdir?


Yetim uşaqdan da artıq yetim kimdir? İmam Həsən Əsgəri (ə) aşağıdakı xüsusiyyətli insanı yetim uşaqdan da yetim olduğunu buyurur:
1. Öz İmamından uzaq düşən.
2. Dini rəhbərinə əli çatmayan.
3. Özünə lazım olan hökmlərin öyrənə bilməyən.
Belə şəxs yetim uşaqdan da artıq yetimdir. Əgər bizim əhkamımıza bələd olan kəslər belə yetimləri öz himayəsinə alıb onlara yol göstərsələr, behiştin yüksək mərtəbələrində bizim yanımızda olacaqlar.


Hamının ağladığı halda niyə İmam Riza (ə) can verən əmisinin başı üstündə gülümsədi?


Hamının ağladığı halda niyə İmam Riza (ə) can verən əmisinin başı üstündə gülümsədi? “İbni Davud deyir Həzrət Rzanın (ə) xidmətinə yetişdik. Biri gəlib dedi ki İmam Rzanın əmisi can verir. Hz. Rza (ə) yola düşdü. Biz də onun ardınca getdik və gördük ki həqiqətən də dil-dodağı tutulub. Bu zaman İmam Rzanın digər əmisi onun övladları və eləcə də Əli övladlarından bir qrup da ağlaşmağa başladılar. Hz. Rza onun başı üstündə biraz durdu və üzünə baxıb gülümsədi.
Orada olanlardan bir çoxu həzrət Rzanın gülümsəməyinə narahat oldular. Bəziləri sakitcə deyinirdi ki həzrət Rza əmisini ( İmam Rzanın əmisi Məhəmməd ibni Cəfər bəzən İmamət iddiası edirdi) bu yolla istehza edir. İmam Rza ələvilərin toplaşdığı bu məkandan çıxıb məscidə namaz qılmağa getdi. Biz də yolda İmama dedik ki siz orada gülümsəyəndə bəziləri danışırdılar. İ. Rza buyurdu. Mən İshaqın elə ağlamağından təəccüb edirdim. Allaha and olsun ki o Məhəmməddən tez öləcək və Məhəmməd İshaqa ağlayacaq. Ravi deyir Məhəmməd yaxşılaşmışdı. İmamın dediyi kimi İshaq öldü Məhəmməd ona ağladı.”


Bəhlul hansı 3 eybi göstərərək, Harunun təklifini rədd etdi?


Bəhlul hansı 3 eybi göstərərək, Harunun təklifini rədd etdi? Bəhlul aqil bir insan olmuşdur, ancaq zamanına görə təqiyyə etmişdir. Bəzən elə sözlər deyirdi ki, başqaları onu dəli hesab edirdi. Ancaq bu sözlərində təsirli öyüdlər gizlənirdi. Bir gün Harun ər-Rəşid Abbasi (lən) ona deyir: “Biz qərara almışıq ki, sənin maaşını boynumuza götürək ki, rahat halda bizim yanımıza gələ biləsən.
Bəhlul deyir: “Əgər bu işin üç eybi olmasaydı, mən qəbul edərdim. Birincisi budur ki, sən bilmirsən ki, mənim nəyə ehtiyacım vardır ki, onu ödəyəsən. İkincisi bilmirsən ki, nə qədərinə ehtiyacım vardır ki, az və ya çoxu məni giriftar etməsin. Üçüncüsü bilmirsən ki, nə zaman ehtiyacım vardır ki, onu tez və ya gec verməyinə görə məni narahat etməyəsən.
Məni yaradan Allah ancaq bilir ki, mən nə istəyirəm, nə qədər istəyirəm və nə zaman istəyirəm. Bundan başqa, mən pis iş görən zaman sən ehsanını kəsirsən. Ancaq mənim Xaliqim o qədər ağadır ki, məndən nə qədər üsyan görsə də, ehsan əlini götürmür. Məgər bu halda layiqlidirmi ki, Onu buraxıb sənin evinin qapısına gəlim?”.


Bu surəni ayda bir dəfə oxuyanın Qiyamətdə dərdi olmaz?


Bu surəni ayda bir dəfə oxuyanın Qiyamətdə dərdi olmaz? Bu surənin fəziləti ilə bağlı Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim \"Əraf\" surəsini qiraət edərsə, Allah onunla İblis arasına pərdə çəkər ki, İblisin şərindən amanda qalsın. O kəslərin zümrəsindən olar ki, Həzrət Adəm (ə) behiştdə onu ziyarət edər, bütün yəhudilər və xristianların sayı qədər behiştdə ona dərəcə verilər\".
İmam Sadiq (ə) \"Əraf\" surəsi haqqında buyurur: \"Hər kim bu surəni hər ay bir dəfə oxuyarsa, Qiyamət günü o kəslərdən olar ki, heç bir qorxusu, heç bir qəmi yoxdur. Hər kim cümə günü bu surəni oxuyarsa, o kəslərin zümrəsindən olar ki, Allah onların hesabını çəkməz. Bilin ki, onda möhkəm ayələr vardır və ona görə də onu qoymayın (boş buraxmayın). Çünki onlar Qiyamət günü öz qarilərinin xeyirinə şəhadət verərlər\".
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: \"\"Əraf\" surəsini qiraət edən - Qiyamət günü o kəslərdəndir ki, amanda olarlar\"...


İnsan öz ömrünü necə uzada bilər?


İnsan öz ömrünü necə uzada bilər? Bu sual bəşər tarixi boyun insanları düşündürmüşdür. Amma bu sahədə araşdırma aparan əksər tədqiqatçılar, məsələyə sırf fizioloji baxımdan yanaşmışlar. İslam dini fizioloji amillərin insan ömrünə təsirini nəinki inkar etmir, hətta bu sahədə göstərişlər də verir. İnsanın normal yuxu və qidalanma rejimi, onun ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır. Amma bundan da əhəmiyyətli amillər vardır.
Hz. Peyğəmbər (s) buyurur: «Allah yolunda sədəqə və qohumları yoxlamaq evləri abad edib, ömürləri uzadar».
Hz. (s) buyurur: «Ey müsəlmanlar, zinadan çəkinin. Onun altı pis nəticəsi vardır ki, üçü dünyada, üçü isə axirətdədir. Zinanın dünya həyatındakı üç təsiri bunlardır: insanın nurunu aparar, kasıblıq gətirər, ömürü qısaldar». Demək, İslam dinində nəzərdə tutulmuş bütün həddlər, yalnız və yalnız insanın dünya və axirət səadətini təmin etmək üçündür.


İmam Həsəndən və İmam Hüseyndən (ə) əvvəl bu adları daşıyan şəxs olmayıb?


İmam Həsəndən və İmam Hüseyndən (ə) əvvəl bu adları daşıyan şəxs olmayıb? Doğrudurmu ki, İmam Həsəndən və İmam Hüseyndən (ə) əvvəl bu adları daşıyan şəxs olmayıb?
Həqiqətən, İmam Həsənlə İmam Hüseyndən (ə) əvvəlki ərəb tarixində bu adlara rast gəlmirik. Rəvayətlər də bunu təsdiq edir ki, ilk dəfə Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələrinə bu adları qoymuşdur. Bu adlar Harun Peyğəmbərin (ə) oğulları Şəbər və Şübeyrin adlarının ərəbləşdirilmiş variantlarıdır. Həzrət Harun (ə) Musa Peyğəmbərin (s) qardaşı və canişini idi. Həzrət Mühəmməd Peyğəmbər (s) də Həsənlə Hüseynin (ə) atası İmam Əliyə buyurmuşdu ki, sənin mənə nisbətdə məqamın Harunun (ə) Musaya (ə) nisbətdə məqamı kimidir./islam.az


Çox danışmaq necə cəhənnəmə aparır? hədisin şərhi.


Çox danışmaq necə cəhənnəmə aparır? hədisin şərhi. İmam Əli (ə) buyurur: \"Hər kim çox danışar - səhvləri də çoxalar. Hər kimin səhvi çoxalar - həyası azalar. Hər kimin həyası azalar - təqvası azalar. Hər kimin təqvası azalar - qəlbi ölər. Hər kimin qəlbi ölər - cəhənnəmə daxil olar\".
Hədisin şərhi: İmam (ə) çox danışmağın ziyanlarına işarə edərək buyurur ki, hər kim çox və yersiz danışar, istər-istəməz səhvləri və xataları da çox olar. Dediyi sözlərin artıq mənasına və məntiqinə diqqət etmədiyinə görə, çoxlu səhvlər edər. Bu səhvlər sayəsində insanların qarşısındakı etibarı zədələnər. Nəticədə həyası azalar. Həyası o qədər azalar ki, etdiyi səhvlərin nə qədər utandırıcı olduğuna diqqət etməz.
Həya insanı bir çox səhv və günahdan saxlayar. Əgər həya azalarsa, insan daha çox günah etməyə meyl edər. Həya azalarsa deməli təqva da azalar. İnsanı günahdan saxlayan təqva get-gedə zəifləyər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter