İmam Hüseyn (ə) qiyamının əsil səbəbi nə idi?


Tarix nəql edir ki, bir gün Fərzdəq, İmam Hüseynə (ə) deyir: “Ya ibni Rəsulallah! Kufəyə tərəf hərəkət etmə”. Həzrət (ə) cavabında buyurur: “Ey Fərzdəq! Bu qövm şeytana qapılıb, İlahi itaəti tərk edirlər. Yer üzündə fəsad törədirlər, İlahi sərhədləri batil edib, şərab içirlər”. İmamın (ə) bu cavabından onun qiyamının hədəfləri ilə tanış olmaq olar. O Həzrət (ə), insanları əmr-be-məruf və nəhy-əz-munkər etmək üçün qiyam etmişdi. İmamın (ə) zamanında İlahi əhkamları dəyişdirirdilər və müsəlmanları yollarından azdırırdılar. Allahın haramını halal elan edirdilər. Yezid (lən) və tərəfdaşları aşkar şəkildə şərab içirdilər. Ona görə də İmam (ə) üzərinə düşən bu vacibatı yerinə yetirmək üçün qiyam edir və öz etirazını bildirir. İlahi hökmlərin dəyişməsinə imkan vermir. İmam Hüseynin (ə) Kufəyə hərəkət etməsinə etiraz edənlərdən biri də Mərvan olmuşdur. O, İmam (ə) hərəkət etməzdən əvvəl onun yanına gəlir və Yezidə beyət etməsini istəyir. Həzrət (ə) cavabında buyurur: “İslamın “Fatihə”si oxunmuşdur”
Çünki əgər İmam (ə) Yezidə (lən) beyət etsəydi, cəddinin qurduğu bütün hər şeyi əldən vermiş olacaq və İlahi hökmlərin aradan getməsinin qarşısıni almayacaqdı. Həzrət (ə) nə qədər ağır şəraitdə qərar tutsa da, Yezidə (lən) qarşı çıxmağı üstün bilir və bu yolda canını qurban verir ki, din aradan getməsin.


Digər məzhəb alimlərinin nəzərində İmam Hüseynin (ə) qiyamının izahı?!


Digər məzhəb alimləri tarix boyu İmam Hüseynin (ə) qiyamı ilə bağlı müxtəlif nəzərlərə malik olmuşdular. Ümumi olaraq, onları iki dəstəyə bölmək olar:
1. Yezidə (lən) bəraət qazandıranlar. 2. İmam Hüseynin (ə) tərəfdarları.
Birinci dəstəyə aid olan alimlər, daha çox Müaviyyəyə (lən) dəstək vermək üzündən Yezidin (lən) cinayətlərinə müəyyən mənada bəraət qazandırmış, öz yanlış mövqelərini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmışlar. Təbii ki, onların bu mövqeləri əhli-təsənnünün görkəmli alimləri tərəfindən sərt tənqid edilmişdir. Biz daha çox ikinci dəstəyə aid olan alimlərə nəzər yetirəcəyik.
1. Əbul-Fərəc. Əbül-Fərəc İmamın (ə) tərəfdarlarından olaraq, Yezidin əməlini tənqid etmişdir. O, həmişə Yezidi lənətləyirdi. Onun 12 İmamın (ə), Həzrət Xədicənin (s.ə) və Xanım Fatimənin (s.ə) fəzilətlərini zikr etdiyi kitabı vardır. Bu kitabda Yezidin (lən) fitnə-fəsadlarından bəhs etmiş və onu lənətləməyi caiz hesab etmişdir.
2. Cəlaləddin Süyuti. Bu alim təəssübkeş olmasına baxmayaraq, Yezidin (lən) əməlini cinayət adlandırmış və Kufə əhlinin vəfasızlığından, Kərbəla hadisəsindən öz kitablarında bəhs etmişdir.



Cəfəri məktəbinə görə xəlifə hansı vəzifələri yerinə yetirməlidir?!


Şiə məktəbinə əsasən Peyğəmbərdən (s) sonra təyin olunan xəlifə gərək iki vəzifəni öhdəsinə götürsün:
1-Zahiri məsələlərin idarəsində, İslam şəriətinin qanunlarının qoruyucusu və icraçısı olmalı və əsl dinin yaşamasında möhkəm dayanmalıdır. Xəlifə islam ümmətinin əlində olan xums, zəkat, maliyyat, döyüş qənimətlərini düzgün şəkildə müsəlmanların arasında bölüşdürməlidir.
2-Mənəvi rəhbərlik etməsi, Peyğəmbər (s) xəlifəsinin borcudur ki, islam məktəbində qaranlıq qalmış məsələləri hər hansı səbəbdən, onları islam ümməti üçün aydınlaşdırsın.
Yəni İslam ümmətinin xəlifəsinin öhdəsinədir ki, Qurand və Peyğəmbərin (s) sünnətində gələn hər hansı məsələləri geniş şəkildə izah edərək, dinin azğın yola sapdırılmasının qarşısını alaraq yaranan sual və şübhələrə cavab versin. İlahi və Peyğəmbərdən (s) sonra seçilmiş xəlifə gərək bütün çirkin işlərdən, günah və səhvlərdən uzaq olmalıdır, çünki o Peyğəmbəri əvəz edərək insanlara örnək olandır.


Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir?


Allah Təala bu ayələrdə buyurur ki, ey Peyğəmbər! Əgər onlar üçün 70 dəfə istiğfar etsən də, Mən onları bağışlamayacağam. Bəs bu nə günahdır ki, hətta Peyğəmbərin (s) günahkar üçün istiğfarı da belə, ona təsir edə bilmir? Bu günah – mömini məsxərə etməkdir. Yəni, sən elə adamsan ki, əgər mömin namaz qılırsa onu məsxərə edirsən, sözlərini məsxərə edirsən, təqvasını məsxərə edirsən. Qızcığaz hicabına riayət edəndə, onu məsxərə edirsən. Ona görə də Allah buyurur ki, ey Peyğəmbər! Əgər sən bu kimi insanlar üçün tövbə istəsən də belə, Mən bu tövbəni qəbul etməyəcəyəm. Çünki onlar ən böyük günah olan mömini məsxərə etmək günahına düçar olurlar. Ona görə gərək ehtiyatlı olaq ki, bu ayənin buyurduğu kəslərdən olmayaq: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1).


PEYĞƏMBƏRLƏR VƏ İMAMLARIN MƏSUM OLMASI İFTİXARDIRMI?


CAVAB: Peyğəmbərlər və İmamların günah qarşısında paklığı qeyri-iradi, qeyri-ixtiyari bir iş deyil. Onların isməti iradi və ixtiyari bir haldır və onların elmindən və imanından qaynaqlanır. İzah: Günah qarşısında ismət və paklıq elmin və imanın tələbləri və əsərlərindəndir. Əlbəttə, hər elm insanı günahdan qoruya bilmir. Elmin həqiqəti göstərmə gücü o qədər çox olmalıdır ki, günahın nəticələrindən insanı xəbərdar etsin, insanın təsəvvüründə qarşısındakı günahın acı nəticələri canlansın. Bu halda günah insan üçün “əqlən mümkünsüz” yox, “adi mümkünsüz” şəklinə düşür. Bu həqiqəti aydınlaşdırmaq üçün bir misal çəkək: Həyatımız bahasına başa gələcək, bizi məhv edəcək elə əməllər var ki, biz bu əməllərin acı nəticələrini gördüyümüz üçün onlardan çəkinirik. Belə bir çəkinmə, pakqalma həmin əməllərə münasibətdə malik olduğumuz elmin nəticəsidir. Məsələn, iki düşmən dövlət qonşuluqda yerləşirsə, hər iki tərəfin sərhədçiləri sərhəd zolağının ətrafında güclü binokllarla, işıqlandırıcılarla, təlim görmüş itlərlə keşik çəkirlər.


TÖVBƏ VƏ İSTİĞFAR MƏSUMLUQLA BİR ARAYA SIĞIRMI?


CAVAB: Hələ qədim zamanlarda İslam alimlərinə bu sayaq suallar ünvanlanmışdır. Alimlərin verdiyi cavablar zahirən fərqli olsa da, onların mahiyyəti eynidir. Uyğun dualarda günah təbiri arxasında bizim düşündüyümüz günah nəzərdə tutulmur.
İzah: Bilməliyik ki, ictimai, əxlaqi, elmi, tərbiyəvi, dini işlərdə insanlar eyni dərəcədə vəzifəli deyillər. Hər bir insandan onun gücü həddində əməllər gözlənilir. Bu mövzunu aydınlaşdırmaq üçün saysız-hesabsız misallar göstərə bilərik. Onlardan birinə nəzər salaq: Bir qrup şəxs ictimai işlərdə irəli düşərək, məsələn, imkansızlar üçün xəstəxana tikmək istəyir. Əgər adi bir fəhlə öz maaşından cüzi bir məbləğ bu yolda yardım göstərərsə, onun bu işi hamı tərəfindən bəyənilər. Amma varlı-dövlətli bir insan həmin fəhlənin göstərdiyi yardım qədər pul təqdim etdikdə, nəinki bu iş xoşa gəlmir, hətta nifrət və narahatlıq yaradır. Demək, eyni bir məbləği fəhlə ehsan etdikdə, bu iş bəyənilir, varlı adam ehsan etdikdə, qınaqlarla üzləşir. Hansı ki, varlı adamın az məbləğ yardım göstərməsi onun üçün günah deyil. Demək, hər kəsə qarşı onun ağıl, bilik, iman, qüvvə imkanları həddində tələblər irəli sürülmüşdür. Bir adam üçün ədəb, xidmət, məhəbbət və ibadət sayılan bir iş digər bir insan üçün ədəbsizlik, xəyanət, riyakarlıq, itaətsizlik hesab oluna bilər.


SƏNDƏN HƏRƏKƏT, ALLAHDAN BƏRƏKƏT! dedikdə necə başa düşək?!


Bütün sahələrdə, o cümlədən, ibadi və mənəvi məsələlərdə də belədir. İnsan əvvəlcə özü bütün səyini göstərməlidir; həm ibadət və itaət etmək üçün, həm də ibadət və itaətini xalisləşdirib yüksəltmək üçün. Əgər insan özü ibadətini xalisləşdirməyə çalışarsa, Allah da bu işdə ona kömək olacaqdır, həm ibadət və itaətini yerinə yetirmək üçün iradə, güc və tövfiq bəxş edəcək, həm də bu ibadət və itaətin əvəzini ən gözəl şəkildə verəcək. Atalar demişkən: “Sən Allaha tərəf hərəkət etsən, Allah da sənin bu hərəkətinə bərəkət verəcək.” Bəzən ibadət və itaət üçün çalışırıq, namaz qılırıq, oruc tuturuq, sədəqə veririk və digər yaxşı işlər görürük, amma nəfsimizdə, ruhumuzda, ruhiyyəmizdə və həyatımızda bunun təsirini görmürük. Bunun yalnız bir səbəbi vadır və o da budur ki, çalışqanlığımız təkcə fiziki və kəmiyyət baxımından olub, amma işimizin mənəvi cəhətini və keyfiyyətini yüksəltməyə çalışmamışıq. Həmin ibadət və itaəti yerinə yetirərkən niyyətimizi bulaşdırmışıq. İşimizin müqabilində Allahdan başqasından da nələrsə ummuşuq. Halbuki böyük insanlar gördükləri yaxşı işlərin müqabilində Allahdan da umacaqları olmayıb. Onlar yaxşı işləri heç bir savab güdmədən sırf Allahın razılığı, insanlıq naminə və ibadətlərini Allahı ibadətə layiq bildikləri üçün ediblər və nəticədə Allah da onların bu təmənnasız işlərinin əvəzini onları dünya və axirətdə böyük və əziz göstərməklə verib...


İnsan Allah-Taala (c.c) yolunda dost və düşmənçiliyini necə bilsin?


“Bir gün Peyğəmbər (s) səhabələrindən birinə buyurur: «Ey Allah bəndəsi! Allah yolunda sev və nifrətə malik ol, Allah üçün məhəbbət və düşmənçilik et. Allah Təalanın vilayətinə çatmazsan, məgər onunla». Həmin şəxs Həzrətə (s) deyir: “Allah yolunda dostluq və düşmənçiliyimi necə bilim? Allahın vəlisi kimdir ki, (onu) sevim. Allahın düşməni kimdir ki, düşmən biləm?”Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edərək buyurur: “Onu görürsən?”.Həmin şəxs deyir: “Bəli”.
Həzrət (s) buyurur: “Bu, Allahın vəlisidir, ona görə də onu sev. Düşməni – Allahın düşmənidir, ona görə də onu düşmən bil. Dostunu sev, hətta əgər atanın və övladının qatili olsa belə. Düşmənini düşmən bil, baxmayaraq ki, atan və övladın olsa belə””.


Allah insanı özbaşına buraxıbmı? - İmam Baqirlə (ə) bir alim arasında olan münazirə


Həsən Bəsri İmamın (ə) yanına gəlir və deyir: “Gəlmişəm ki, sizə sual verim”. İmam (ə) buyurur: “Məgər sən Bəsrə camaatının fəqihi deyilsən?”. Deyir: “Bu cür deyirlər”.
İmam (ə) buyurur: “Öhdənə böyük iş götürmüsən. Eşitmişik ki, deyirsən Allah insanları öz halına buraxmışdır?”. Həsən Bəsri sakit oldu. İmam (ə) buyurdu: “Əgər Allah kimisə aman vədəsi versə, o, məgər nədənsə qorxa bilərmi?”. Deyir: “Yox”. Buyurur: “Mən bir ayə oxuyacağam ki, sən onu səhv təfsir etmisən”. Soruşdu: “Hansı ayə?”.
Buyurdu: “Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin – amanlıqla get-gəl edin»”. (“Səba” 18).


Xurafatla necə mübarizə aparmaq olar?


Xurafat və xurafatı yayanlar hələ qədim zamanlardan indiyə qədər mövcuddur. Ancaq onun yayılması müxtəlif cəmiyyətlərdə müxtəlif cürdür. O cəmiyyət ki, elmi kənara qoyub, cəhalət ardınca gedir – əlbəttə ki, həmin cəmiyyətdə xurafat da çox yayılar və insanları yolundan azdırar. Ancaq əksinə – tərəqqi etmiş və elmli ölkələrdə xurafatın kökləri kəsilər və yayılması üçün lazımlı şərait olmaz. Bəs xurafatın kökünü tamamilə necə kəsə bilərik?
1. Elmin səviyyəsini yüksəltməklə. Xurafatın əsil mənşəyi – cəhalət və nadanlıqdır. Ona görə də elmin səviyyəsini yuxarı qaldırmaqla, xurafatın köklərini kəsə bilərik. Çünki insan o zaman xurafata inanır ki, onunla bağlı olan hadisələrin səbəblərini bilmir və elmsizlikdən çarəsiz onu qəbul etməyə məcbur olur.
2. Dini rəhbərlərin ardıcılı olmaq. İmam Əli (ə) dini rəhbərlərin əhəmiyyəti barəsində buyurur: “Yer üzü heç bir zaman hüccət və dəlillə qiyam edənlərdən – istər aşkar olsun, istərsə də gizli – boş qalmayacaqdır ki, Allahın aşkar dəlilləri zay olmasın və unudulmasın”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter