Şaban ayının son günü üçün hansı əməllər tövsiyə olunur?!


əl-Xisal kitabında İmam Sadiqdən (ə) belə bir hədis gəlib: “Şabanın son 3 gününü oruc tutub onu ramazana birləşdirən şəxs üçün Allah ardıcıl şəkildə orucu tutulmuş iki ayın savabını yazar” Bu hədislərdən bəlli olur ki şabanın son gününün əsas əməli oruc tutmaqdır. İmam Rzanın Əbus-Səltə şabanın son günü barədə tövsiyəsində bu göstərişlər yer alıb: “Ey Əbus-Səlt şabanın çoxusu geridə qaldı, çalış bu gündə istiğfar və tövbə et!”, “Quran oxu”, “boynunda qalan haqları və əmanətləri qaytar” , “Belə bir gündə kimsəyə qəlbində kin saxlama” İmam sonda buyurur: “ Bu ayın qalan günlərində bu duanı oxu: Allahummə illəm təkun ğəfərtə ləna, Fima məda min şəban, Fəğfir ləna fima bəqiyə minhu” Tərcüməsi: “İlahi şabanın keçən günlərində günahlarımızı bağışlamamısansa geridə qalan günlərdə bizi bağışla”


Hansı zikr ruzinin artmasına güclü yardım edə bilər?!


Mərhum Kəşmiri nəql edir ki, bir gün müəllimim Mərhum Qazi Kimiyadan istədim ki, mənə ruzini artıran zikr öyrətsin. Müəllim mənə dedi ki, sabah gəl, sənə bir zikr öyrədəcəyəm.
Mən də sabahısı günü onun yanına gəldim və mənə bu zikri çoxlu deməyi tövsiyə etdi. Ustad Behcət isə buyurur ki, hər kim bu zikri demək istəyirsə, əvvəlində və axırında mütləq salavat desin. Bu zikr belədir: اللّهُمَ اَغنِنِی بِحلالِکَ عَن حَرامِک و بِفَضِلکَ عَمَّن سِواک


Allah-Taala (c.c) bəndəsini sevərsə ona hansı üç köməyi edər?!


İmam Sadiq (ə) buyurur: “Üç şey Allahın xüsusi inayətindəndir: namaz və gecə ibadəti, oruc tutanın orucunu açması, qardaşların görüşməsi.
Gecə namazı gündüzün günahlarını aradan aparar”.
Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurur: “Mənə nəsihət ver!”. Cəbrayil (ə) deyir: “Ya Muhəmməd (s)! Hər nə qədər istəsən ömür sür – nəhayət öləcəksən.
Hər nəyə istəsən ürək bağla – ancaq bil ki, ondan ayrılacaqsan. Hər əməli istəsən yerinə yetir – ancaq bil ki, əməlini görəcəksən. Bil ki, möminin üstünlüyü – gecə namazı qılmaqda və izzəti – insanların abrını aparmaqdan özünü saxlamaqdadır”.


Cismani və ruhani səcdənin fərqi nədədir?


Səcdə – bəndənin Allah qarşısında özünü kiçik və aciz hesab edərək, müti halda əyilməsi və alnını torpağa qoymasıdır. Namazda məhz səcdə əməli insanın nə qədər müti olduğunu sübut edər. Səcdə edən insan, öz şüur və iradəsi ilə Allahı əzəmətli hesab edərək, özünü zəlil və xar görərək, Onun qarşısında əyilər və torpağa düşər. “(Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!”. (“Ələq” 19).
Məsumlarımız (ə) buyurur ki, səcdə iki cür olur: cismani və ruhani. Hər kim ruhani səcdəni yerinə yetirə bilsə, o zaman mənəvi dərəcəsi yüksələr və kamala doğru hərəkətdə olar. Belə ki, İmam Əli (ə) bu haqda buyurur: “Cismani səcdə odur ki, bədənin yeddi üzvünü ixlas və hüzur ilə torpağa qoyasan. Ancaq nəfsani (ruhani) səcdə – qəlbin fani işlərdən uzaqlaşıb, qalıcı işlərə üz döndərmək üçün hümmət göstərməsi, təkəbbür libasını cırması, dünya əlaqələrini qət edib, özünü nəbəvi əxlaqı ilə bəzəməsidir”.


Qiyamət günü Allah yanında hansı əməl sahibi uca məqama çatacaq?!


Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir:
İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.
İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.
İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mənim bəndəmin Mənə ibadət etdiyi ən yaxşı şey – Mənim üçün xeyirxahlıqdır\".


Hz Əli (ə)-ın hədisinə əsasən Həqiqi yetim kimdir?


“Əmirəl-möminin (ə) buyurur ki, yetim o kəs deyildir ki, atası ölmüş və getmişdir. Yetim – elm və ədəb yetimi olandır. O kəsin ki, kamalı olmaz, mərifəti və təqva əldə etməz – o, həqiqi yetim olar. İnsanlar həqiqətən də yetimdirlər. Daş daşdan, torpaq torpaqdan rəng alar və təsirlənər. Bir budaq başqa budağa calaq edilər. Ey cavanlar! Dinimiz nəzarət, hesab vermək və diqqət etmək mövzularına çox əhəmiyyət verir. İnsanın kiminlə dost olması mövzusu da dinimizin nəzərində çox mühümdür. İnsana təsir edən amillər çoxdur: ailə mühiti, valideynlərin tərbiyəsi və əxlaqı, dostları, müəllimləri, hətta yaşadığı məhəlləsi belə. Hz Peyğəmbər (s) buyururdu ki, övladlarınızı dayəyə verən zaman o dayənin əxlaqına və adət-ənənələrinə diqqət edin. Çünki onun bütün bu sifətləri süd vasitəsilə övladınıza keçəcəkdir.
Övladınıza təhsil verən müəllimlər də o cürdür. Müəllimlərin əxlaqı və elmi, ədəbi – çox mühüm mövzulardandır ki, valideyn bunlara diqqət etməlidir...


Evliliyin müvəffəq olması üçün Qurani-Kərimin hansı 5 meyarı buyurmuşdur?!


Qurani-Kərim, insanı səadətə çatdırmaq üçün nazil olmuşdur. İnsan ictimai varlıq olduğu üçün, onun ailəyə və dostlara ehtiyacı olar. Çünki bu zaman əskiklərini tamamlayar və kamala çatmaq üçün zəminələr əldə edər. Quranın nəzərinə görə, müvəffəq evliliyin bəzi meyarları vardır ki, hər bir müsəlman ona diqqət etməlidir. Əgər xoşbəxt ailəyə malik olmaq istəyiriksə, Quranın tövsiyələrinə əməl edək.
1- İslam və iman. Dinimizin nəzərinə görə, bir evliliyin müvəffəq olmasının ilk amili – İslam dinini qəbul etmək və imana malik olmaqdır. Ailə quran qız və oğlan eyni dinə və eyni əqidəyə malik olan zaman, xoşbəxt ailə qura bilərlər. “Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından – hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır...


İnsan dünya və axirətdə nədən ayrıla bilməz?!


\"Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə öz-özünü hesaba çəkməyin yetər.\" (İsra, 13-14). İzah: İnsanın əməl dəftəri əlinə veriləndə ona müraciət olunar: “İlahi ədalət divanına gətirilmədən özün öz əməllərini hesaba çək”. Bu o deməkdir ki, onun müqəddəratına şahidlik edən dəlillər çox aydın olacaq. Belə ki, hətta özü də iqrar və etiraf edəcək. Heç şübhəsiz, buna görə də bir çox rəvayətlərdə insanın dünyada öz əməllərini hesaba çəkməsi tövsiyə olunmuşdur.
Hədis: İmam Baqir (ə) : “İnsan harada olursa olsun, onun yaxşı və pisi də onunladır. Qiyamətdə əməl dəftəri ona verilənə qədər onlardan ayrıla bilməz.”


Həqiqi mömin daim özünü Allahdan qeyrisindən tam ehtiyacsız biləndir!


\"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?\" (Nəml, 62).
İzah: Duanın bir sıra qaydaları və şətləri vardır ki, onlara diqqət etmək zəruridir. Onlardan biri budur ki, insan özünü çarəsiz və Allaha möhtac görsün. Ehtiyacının aradan qalxması üçün kimsəni Ona şərik qoşmasın. Başqa sözlə, Allahı problemlərini aradan qaldıran yeganə varlıq olaraq görsün və Onun sonsuz qüdrətinə inansın. Əksər insanlar Allahı yalnız o zaman çağırırlar ki, zahirdə heç bir başqa nicat vasitəsi qalmır. Amma mömin daim özünü Allahdan qeyrisindən tam ehtiyacsız bilir. Təbii səbəb və vasitələri yalnız Allahın iradəsindən asılı görür və onlara könül verir.


Şəban ayının xeyir əməl hesab olunan bölümləri hansılardır?!


Mərhum Qumi bu ayın fəziləti barəsində hədis nəql etmişdir ki, onun qısaldılmış halına nəzər salaq: “Əmirəl-möminin (ə) Şəban ayının ilk günündə insanları müşahidə edir ki, məsciddə əyləşib qəza və qədər haqqında yersiz söhbətlər edirlər. İmam (ə) buyurur: “Bu cür sözləri buraxın. Bu gün Şəban ayının birinci günüdür. O cəhətdən Şəban adlandırılmışdır ki, yaxşılıqlar və xeyirlər şöbəsinin mərkəzidir.
Xeyir şöbələri: namaz, oruc, zəkat, əmr-be-məruf və nəhy-əz-munkər, ataya, anaya, qonşulara yaxşılıq etmək, yoxsullara sədəqə vermək, insanların arasını düzəltmək və onun kimi əməllərdir. Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının birinci günü olan zaman Allah əmr edər ki, behiştin qapılarını açsınlar və Tuba ağacına əmr edər ki, budaqlarını insanlara yaxınlaşdırsın. Allah tərəfindən olan carçı car çəkər: “Bu Tuba ağacının budaqları sizin əlinizdədir, onlardan asılın ki, (tutun ki) sizi behiştə tərəf aparsın””...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter