Nə üçün \"Meyiti qəbrə tez qoymayın!\" deyə tapşırılır?


Nə üçün "Meyiti qəbrə tez qoymayın!" deyə tapşırılır? Həzrət Əba Abdullah (ə) buyurur: “O zaman ki, mömin qardaşını qəbrə tərəf aparırsan, onu dərhal qəbrə qoyma, bu yolla qəbri və meyitin daxil olmasını onun üçün çətinləşdirmə. Bəlkə meyiti qəbrin aşağı hissəsindən 2-3 zərə (məsafə ölçüsüdür) fasilədə qərar ver ki, hazırlıq əldə etsin. Sonra onu qəbrin dibinə qoy və əgər bacarsan, üzünü torpağa toxundurasan. Ona görə də üzünü aç və torpağın üzərində qoy. Yaxşı olar ki, meyitin vəlisi meyitin başının cənub tərəfində dayansın və şeytandan Allaha pənah aparıb, sonra “Fatihə”ni, “Nas”ı, “Fələq”i, “İxlas”ı, “Ayətül-kürsü”nü oxusun. Ondan sonra haqq əqidəsini dilinə gətirsin və İmamları (ə) bir-bir etiraf etsin və ta İmam Zamana (ə.f) qədər gəlib çatsın”...


Kimlər Qiyamət günü kor məhşur olacaqlar?


Kimlər Qiyamət günü kor məhşur olacaqlar?... Əvvəl gərək baxaq görək, bu dünyada kor olanlar kimdirlər? Əlbəttə ki, kor deyildikdə, qəlb gözü nəzərdə tutulur. Bu sualın cavabını da Quranda tapmaq olar ki, buyurur: “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).
İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “O kəsi ki, səmanın və yerin yaradılışı, gecə və gündüzün gəlib-getməsi, ulduzların, Günəşin və Ayın hərəkəti gizli olan ən böyük həqiqətlərdən agah etməzsə, axirətdə kordur və yolunu azmışlardandır”.


Ölümü arzulamağa dinimiz necə baxır?


Ölümü arzulamağa dinimiz necə baxır? Ölümü arzu etməyin nə qədər mühüm bir mövzu olduğunu biz insanlar yaxşı dərk edirik. Bəs dinimiz bu mövzuya necə baxır? Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kimə bir ziyan yetişsə, giriftarlığa düçar olsa Allah eləməsin ki, ölümü arzulasın”. Məsumlarımız (ə) ölümlə bağlı belə dualar edərdilər: “Allahım, madam ki, sağ olmaq mənim faydamadır, məni sağ saxla. Madam ki, xeyirim ölməyimdədir, məni öldür”. Yəni, Məsumlarımız (ə) bizə tövsiyə edir ki, ölümü birbaşa arzu etmək yaxşı əməl sayılmır. Əgər ölümlə bağlı dua etmək istəyiriksə, gərək Məsumların (ə) tövsiyə etdikləri kimi dua edək. Hz Peyğəmbər (s) buyurur: “Ölümü arzu etməyin, bəlkə həyatı arzu edin. Çünki bilmirsiniz ki, göndərdikləriniz nədir”. Həqiqətən də biz dəqiq bilmirik ki, behişt əhliyik, yoxsa cəhənnəm. İmam Sadiq (ə) buyurur: “Həyatı arzu et ki, itaət edəsən, günah etməyəsən. Əgər sağ olsan və itaət etsən, sənin üçün ölməkdən daha yaxşıdır”.


Bəs Əzrayil (ə) kimlərin canını alan zaman özünü bəzəyər?


Bəs Əzrayil (ə) kimlərin canını alan zaman özünü bəzəyər?Bir gün Əzrayil (ə) İbrahimin (ə) canın almağa gəlir! İbrahim (ə) möhlət istəyir! Əzrayil (ə) də Allaha nəzər salır və deyir: “İbrahim (ə) ölümü xoş qarşılamır”. Allah-Taala buyurur: “İbrahimi (ə) azad burax! Mənə ibadət et”. Bir gün İbrahim (ə) qoca bir kişini görür ki, hər nə yeyir, həzm edə bilmir. Bu mənzərəni görən zaman çox təsirlənir və ona görə də ölümə qarşı əlaqəsi yaranır. Evə dönür bir insan görür! Soruşur: Kimsən? O, deyir: “Mən ölüm mələyiyəm”. Hz İbrahim (ə) deyir: “Kim sənə yaxın olmaqdan və səninlə görüşməkdən əlaqəsi olar, baxmayaraq ki, bu cür qəlbləri alan camala maliksən?”. Əzrayil (ə) deyir: “Ey Allahın Xəlili! Nə zaman Allah kiminsə xeyirini istəyirsə, məni bu halda onun yanına göndərir. Əgər onun şərini və pisliyini istəyirsə, məni başqa simada onun yanına göndərir”. Bu zaman İbrahimin (ə) ruhunu qəbz edir. Bu yolla İbrahim (ə) 175 yaşında qəlbi xoş halda axirət evinə tərəf tələsir.


Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin...?!


Rəsuli-Əkrəmdən (s) olan gözəl moizələr:
- Tamahkarlığı dünyaya məhəbbət bəsləyən qəlbdən silmək mümkün deyil. Pəhrizkarlıq şəhvət düşkünü olan qəlbə heç vaxt daxil olmaz.
-Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin və səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə Allahı xatırlatsın. Sizlərdən ən yaxşısı odur ki, danışığı sizin elminizi artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə dəvət etsin. Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən aşağı bilib ondan vaz keçsin.
-Nadanlığın əvvəlinci əlaməti budur ki, bildiyin hər bir şeyi aşkar edəsən. Elminə əməl edən alimin hörməti şəhidlərə və siddiqlərə olunan hörmət qədərdir. Sizlərdən ən yaxşısı odur ki, bütün səy və himmətini (ciddi-cəhdini) axirətə yönəldib...


İnsanın öz ölüm vaxtını qabaqcadan bilməsi mümkündürmü?


Cavab: Qurani-Kərimdə qeyd edilib: “Həqiqətən, o saatı ancaq Allah bilir. (Loğman, 34). Ayədən görünür ki, əcəl haqqında bilik qeybə aiddir. Qeyb bilikləri Allaha məxsusdur. Amma Allah qeyb xəbərlərindən bəzilərini seçilmiş bəndələrə öyrədər (Cin, 26-27). Peyğəmbərlər möcüzə olaraq, İmamlar, mömin şəxslər, övliyalar da qeyb aləmindən bəzi xəbərlər verməyə qadirdirlər. Bu xüsusiyyətə kəramət deyilir. Tarixdə çox adamlar olub ki, hətta öz ölümlərini qabaqcadan xəbər veriblər. Bu məlumatlar övliyalara çox zaman yuxuda verilir, ya da istədikləri məsələni öyrənmək barədə Allaha dua edirlər və duaları müstəcab olur. Öz ölümü və başqa qeyb xəbərləri barədə qabaqcadan məlumat almaq möhkəm iman və təmiz əxlaq vasitəsilə əldə edilə bilər.


İslam maarifində dünya ilə axirət arasında olan əlaqə necə mənalandırılır?


İslam maarifində dünya ilə axirət arasında olan əlaqə necə mənalandırılır? Dünya ilə axirət arasında olan əlaqə: Bir neçə ayə: - «O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki Allah mərhəmətlidir.» (Ali-İmran/30.) -«Həqiqətən, yetimlərin mal-dövlətlərini zülmlə mənimsəyənlər öz qarınlarına od daxil edirlər.» (Nisa/10.) Aydındır ki, insanın qiyamətdə özünün bu dünyadakı əməllərinin sadəcə olaraq nəticəsini “görməsi” onun cəza və ya mükafatı olmayacaq, əksinə, nemət və ya müxtəlif əzablar formasında görünən şey məhz əməllərin mələkuti surətləridir ki, zahir olacaq və şəxs onların vasitəsilə nemətə, yaxud əzaba düçar olacaqdır. Sonuncu ayədən məlum olduğu kimi, yetim malını mənimsəməyin batini surəti cəhənnəm odu yeməkdir. Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək. Bunun nəticəsində daxilindəki yanğını hiss edəcək və ona deyiləcəkdir: «Bu cəhənnəm odu yediyin haram maldan başqa bir şeydirmi?!»


Ölülər bizləri ziyarət edirmi?


Ölülər bizləri ziyarət edirmi? İshaq ibni Əmmar nəql edir: “İmam Kazımdan (ə) soruşdum: “Meyit öz ailə üzvlərini ziyarət edirmi?”. Buyurdu: “Bəli”.
Soruşdum: “Nə zaman ziyarət edir?”. Həzrət (ə) buyurdu: “Hər cümədə, hər ayda və hər ildə bir dəfə. Həmin möminin Allah dərgahında olan məqamının ölüçü qədər”. )
Soruşdum: “Onlar hansı şəkildə gələrlər?”. Buyurdu: “Lətif bir quş şəklində gələrlər ki, özlərini divarlara çırparlar. Əgər onları (ev əhlini) xeyir və yaxşılıqda görsələr, sevinərlər. Əgər onları ehtiyac və qəm içində görsələr, qəmgin olarlar”.


Qiyamət günü xalqdan şikayət üçün səhnəyə gələcək üç şey nələr olacaq?


Qiyamət günü xalqdan şikayət üçün səhnəyə gələcək üç şey nələr olacaq? İslam maarifində Qurana ehtiram ciddi tövsiyə olunmuşdur. Amma belə bir ehtiram o zaman mümkündür ki, insan ilahi kitabın göstərişləri ilə tanış olub, öz həyatının müxtəlif sahələrində həmin göstərişlərə əməl etsin. İctimai, elmi və əxlaqi yönümlərdə uyğun göstərişlərə əməl etmədən müqəddəs kitaba həqiqi ehtiram əlçatmaz olur. Allah-taala Quranla tanışlıq haqqında buyurur: “Ey insanlar, sizə Rəbbinizdən nəsihət, qəlblərinizdəkinə şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir.” (“Yunus”, 57.) Bir rəvayətdə həzrət Peyğəmbər (s) həyatını Quran göstərişləri əsasında qurmayanlar haqqında buyurur: “Qiyamət günü üç şey xalqdan şikayət üçün səhnəyə gələr: onlardan biri Quran, digəri məscid, o biri isə Peyğəmbər ailəsidir (itrət). (“Biharül-ənвar”, c. 7, s. 222.)...


Qiyamətdə hansı insanlar daha çox 3 əməllərindən narahat olacaqlar?


Qiyamətdə hansı insanlar daha çox 3 əməllərindən narahat olacaqlar? Qiyamət günü bir çoxları həsrət çəkəcəklər. Bu həsrət bütün varlıqlarını bürüyəcəkdir. Həyatda olan həsrətlə müqayisə edilə bilməyən bir həsrətdir. Bu insanlar üç dəstədir:
a) O kəs ki, axirətini başqalarının dünyası üçün dəyişər. Peyğəmbər (s): “Qiyamət günü hamıdan çox peşman olan insanlar o kəslərdir ki, axirətini başqasının dünyasına satmışdır”.
b) O kəs ki, ədaləti deyər, ancaq özü ədalətə riayət etməz. İ. Sadiq (ə): “Qiyamət günü ən çox peşman olacaq insanlar o kəslərdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədaləti rəva bilməz”.
c) O kəs ki, mal-dövlətini rəva olmayan yollarla toplayar. İ. Əli (ə): “Qiyamət günü ən böyük əfsus o kəsin əfsusudur ki, malını rəva olmayan yollardan toplamışdır. Cəhənnəmə gedər və o malı elə bir insana irs qoyar ki, Sübhan Allaha itaət yolunda xərcləyər və behiştə gedər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter