Orucluqda cənabət, heyz və nifas halında sübh azanına qədər qalmağın hökmləri.
Cənabət, heyz və nifas halında sübh azanına qədər qalmaq
1. Bir şəxs ramazan gecəsi cünub olsa sübh azanından qabaq qüsl verməlidir, əks halda orucu batildir. 2. Cənabətli şəxs ramazan ayı günlərində qüsl verməyi fəcr tülusuna qədər yaddan çıxarsa, cünub halda səhəri açsa orucu batildir. 3. Bir şəxs cünub olmağın orucu batil etdiyini bilmədiyindən bir neçə gün bu halda oruc tutsa tutduğu oruclar batil və qəzası vacibdir. 4. Əgər bir şəxs mübarək ramazan ayında murdar su ilə qüsl versə, bir neçə gün sonra həmin suyun murdar olduğunu bilsə, tutduğu oruclar düzgündür. 5. Bir şəxs ramazan ayında gecə qüsl verməyə vəzifəlidirsə, vaxt dar olduğundan və ya su ona zərər etdiyindən qüsl verə bilməsə qüsl əvəzinə təyəmmüm etməlidir. 6. Oruc halda yuxuda cünub olsa, orucu pozulmaz. 7. Bir şəxs oyaq halda cünub olsa, ya yuxuda cünub olduqdan sonra oyansa, yatsa sübh azanına qədər oyanıb qüsl üçün oyana bilməyəcəyini bilsə, qüsl verməmişdən qabaq yata bilməz. 8. Əgər qadın aylıq adətdən və doğuş qanından pak olubsa qüsl verməli, əgər sübh azanına qədər ramazan ayında qüsulü təxirə salsa orucu batildir. 9. Oruc tutmuş qadın gündüz vaxtı özündə heyz və ya nifas qanı görsə orucu batil olar. Qüruba az qalsa da orucu batildir.
Orucun hökmlərindən 8 məsələ:
Orucun hökmlərindən 8 məsələ:
1- Orucun vacib olmasının birinci şərti həddi büluğa çatmaqdır, Sırf zəiflik üzündən bir nəfər tuta bilməsə onun qəzası boynunda qalır, 2-Yenicə həddi buluğa çatmış qızların həddi buluğ yaşı 9 yaş hicri qəməri tarixi ilə hesablanır, oruc vacib olan halda o günü oruc tutacaq, Amma orucu tutmaq gündüzlər onlara zərər yеtirsə və ya dözülməz vəziyyət yaratsa, onda onlara oruc açmağa icazə vеrilir. 3-Orucun nə zaman vacib olduğunu bilməyən şəxs elə həddi buluğ yaşından qəzasını tutmalıdır. 4-Zərər qorxusu gümanı ilə oruc tutmayan və ya orucunu pozan şəxsə fərz olunan halda ona qəzadan əlavə kəffarə də vacib olar. 5- Səfərə gеtmək üzrü ilə ramazan ayının orucunu tutmayan və üzrü növbəti ramazan ayına qədər davam еdən şəxsə təkcə qəza vacibdir və fidyə lazım dеyildir. 6-Oruclu halda irtimasi qüsl onun oruc olmasını unutması və yaddan çıxarması ucbatından olsa, onda oruc və qüslü düzgündür və orucunun qəzası vacib dеyildir. 7-Qadın xəstəlikləri oruc saatlarının hansı vaxtında olsa oruc batil olur. 8-Vacib oruc qəzası olan şəxsə müstəhəb oruc tutmağa icazə verilmir.
Inanclı bir xanım içki içən bir bəylə ailə həyatı qura bilər?
Əgər həmin şəxs müslmandırsa, şəri baxımdan bəli, ailə qura bilər. Lakin məsələnin əxlaqi və psixoloji tərəfləri də vardır. İnanclı və möminə bir xanım gələcək həyatında onun içki içməsinin böyük sıxıntılar törədəcəyini də bilməlidir. Əgər onu haqq yola qaytaracağına ərinin pis vərdişlərdən uzaqlaşdıra biləcək qüdrətə malik olduğunu əmindirsə, bunun eybi yoxdur. Quran məhz ona görə buyurur ki, mömin kişilər möminə xanımlarla, möminə xanmlar isə mömin kişilərlə evlənsinlər.
Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi?
Ənam, 68-ci ayə: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» Nisa» surəsi, ayə 140. Peyğəmbər (s) buyurur: Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.
Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır: 1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir; 3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir; 4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar; 5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.
Qalstukdan və Qərb mədəniyyətini təbliğ edən paltarlardan istifadə etməyin hökmü nədir?
Qalstuk haqda Ayətullah Xamenei və Sistani həzrətlərinin fetvaları:
1-Qalstuk və sair qeyri-müsəlmanların şüarı sayılan və alçaq qərb mədəniyyətinin yayılmasına səbəb olan geyimlərdən istifadə etmək caiz deyil. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
2- Haram olmasına səbəb olan ikinci (sanəvi) ünvan ona şamil olmazsa, eybi yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Sistani, \"İstiftaat\",məs.1471\".
Sosial şəbəkələrdən xüsusən \"Facebook\"-dan istifadə etməyin hökmü nədir?
Sosial şəbəkələrdən xüsusən də \"Facebook\"-dan istifadə etmək haqda iki böyük müctəhidin vetvası:
1-Qeyd olunan sosial şəbəkələrdən istifadə etmək, əgər fəsada (pozğunçuluğu yaymaq, yalan və faydasız mövzuları yazmağa) səbəb olarsa ya günaha düşmək qorxusu yaranarsa və yaxud İslam dini və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, icazə yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası\"
2-Əgər mənfi yönündən istifadə etməyəcəyinə əmindirsə və pisi yaxşıdan ayıra bilirsə, eybi yoxdur, olar. \"Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası\". fetva.313news
Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi?
Əksər muctəhidlər yazırlar: Kişi və qadın yalnız öz həyat yoldaşı önündə rəqs edə bilər. yəni kişi və qadın üçün istər məhrəm və istərsədə də naməhrəmlərin olduğu yerdə başqalarının gözü önündə rəqs edə bilməz.
Eləcə də kişilərin kişi məclislərində və qadınların qadın məclislərində rəqs etmələrinə şəriət icazə vermir.
İmam Xomeyninin (r) şəri suallara cavab (istiftaaat) kitabı cild: 2, səh: 35; Ayətullah Məkarim Şirazi həzrətlərinin istiftaatı kitabı, cild: 1, səh: 534.
Qadının naməhrəm qarşısında musiqi oxumasının hökmü nədir?
Müctehidlərdən mərhum İmam Xomeyni (rizvanullahi təala əleyh), Ayətullah Bəhcət (quddəsə sirruh), Ayətullah Fazil Lənkərani (ələllahu məqaməh), Ayətullah Təbrizi (qəddəsəllahu nəfsəhu şərifə), hal-hazırda dünya həyatında qeyd də olan Təqlid Mərcəsi Ayətullah Sistani, Ayətullah Nuri Həmədani və Dünya Müsəlmanlarının Ali Rəhbəri İmam Xamenei cənablarının (Allah vücudlarını bəlalardan hifz etsin) nəzərləri belədir: “Xanımların (istər Hicablı istərsə də hicabsız xanımlar olsun fərqi yoxdur) naməhrəm qarşısında oxuduğu musiqi iki sürətdə haramdır:
(1- Ğina – səsi ağızda haram (ləhv və ləib) məclislərinə xas olan şəkildə titrətmək (zəngulə vurmaq) ilə olarsa.
(2- Əgər ləzzət almaq və riybə qəsdi daşıyarsa, həmçinin günaha düşmək qorxusu olarsa və şəhvəti təhrik edərsə ha belə fəsada səbəb olarsa.
Göründüyü kimi əgər qadının kişi xəylaqı qarşısında musiqi oxuması yuxarıda deyilən iki sürət kimi olmazsa bunun heç bir iradı yoxdur.
Təyəmmümün səhih olmasının şərtləri nələrdir?
Təyəmmümün səhih olmasının şərtləri:
1-Təyəmmüm üzvləri təyəmmüm alarkən (yəni alın və əllər) pak olmalıdır. Başqa üzvlər nəcis olsa da Təyəmmüm batil olmaz. Amma namaz üçün bədənin bütün üzvlərini paklamaq lazımdır. 2-Alın və əllərin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir, 3-Üzərinə təyəmmüm edilən şeylər pak və mubah olmalıdır. (yəni qəsbi və başqasının malı olmamalıdır), 4-Təyəmmüm edərkən tərtibə riayət olunmalıdır. Yəni öncə üz sonra, sağ əl və sonra isə sol əlin üstünə məsh olunmalıdır. 5-Təyəmmüm alarkən Muvalata riayət olunmalıdır. Yəni təyəmmümdə fasilə vermədən üz və əllərə məsh olunmalıdır. 6-Əli ilə alın arasında, eləcə də əlin içi ilə arxası arasında məsh edərkən bir şey fasilə salmamalıdır.
Mənbə: Ürvətül-Vüsqa, 1-ci cild, səh: 495; \"Muctehidlərin Tövzihul Məsail\" kitabı, 692, 694, 704 və 706 ci məsələlər.
Bu mesajı 10 nəfər göndər yoxsa başına bəla gələcək! Muctehidlər bu haqda nə deyirlər?
Müctehidlərin zəncirvari mesajlar haqqında istiftatı: Yəni bir dəstə vardır ki, Məzhəbi əqidələrdən istifadə edərək bir sıra mesajlar yayırlar!
Məsələn: Altı milyon salavat İmam Hüseynin (ə) südəmər balası Əli-Əsğərə təqdim olunur. Sizində payınıza altı salavat deməklə bu mesajı altı İmam Hüseyn (ə) aşiqlərinə göndərmək düşür. Xahiş olunur, bu zənciri qıranlardan olmayın. Mesajı oxuyan kimi siz də səkkiz dəfə \"Ya Əbəlfəzl!\" deyərək, bunu səkkiz nəfərə göndərin. Elə indi gözəl xəbər eşidəcəksiniz.
1- Ayətullah Safi Qulpəyqani: Ümumiyyətlə, bu kimi mesajların gərək düzgün sənədi olsun. Əks halda belə mesajların yayılması caiz (düzgün) deyil. Bu işlərdən çəkinmək lazımdır. 2- Ayətullah Seyyid Əli Xamenei: Bu mesajların heç biri həqiqət deyil və etibarsızdır. Haramdır. 3-Ayətullah Məkarim Şirazi: Bu işlərin heç birinin etibarı yoxdur. Yaxşı olar ki, camaat bu işlərə əl qoymasınlar. ...