Nə üçün Allah orucu 30 gün vacib edib?
Bu sualı bir yəhudi alim İslam Peyğəmbərindən (s) soruşub. Cavabında isə həzrət belə buyurub: \"Adəm Peyğəmbər (ə) qadağan olunmuş meyvəni yeyəndə onun əsəri bədənində 30 gün qalıb. Buna görə də Allah onun övladlarına 30 gün aclığı və susuzluğu vacib edib. Gecə vaxtı yemək icazəsi isə (iftar və imsaq) Allahın onlara etdiyi bir lütfdür. Orucun vacib olmasının səbəbi:
Qurani-Kərim orucun insanların təqvasının yoxlanılması üçün vacib edildiyini deyir. Həzrət Fatimeyi Zəhra (s.ə) \"Fədəkiyyə” xütbəsində buyurub: \"Oruc insanların ixlasını yoxlamaq üçün vacib olub.” Orucluqda insanın ixlası yoxlanılır. Oruc tutmaq gizli ibadət sayıldığı üçün heç kim bəndənin həqiqətdə oruc tutub tutmadığını bilməz. Çünki İnsan camaata özünü oruc tutan kimi göstərsə də, tənhalıqda orucu poza bilər...
Niyə möminə - mömin, müsəlmana – müsəlman deyirlər?
Hz Peyğəmbər (s) buyurmuşdur: \"O kəs ki, mömin qardaşına lütfünü bildirən sözlərlə ehtiram göstərər və ya hacətini yerinə yetirər və ya onun qəm və qüssəsini aradan aparar – davamlı olaraq Allah Təalanın himayəsində olar. O zamana qədər ki, ona ehtiram göstərmək və hacətini yerinə yetirməklə məşğul olar, Allah Təalanın rəhməti ona nazil olar. Sizə xəbər verimmi ki, niyə möminə mömin deyirlər? Səbəbi budur ki, insanlar onu öz nəfs və malına əmin bilərlər. Sizə xəbər verimmi ki, niyə müsəlmana müsəlman deyərlər? Səbəbi budur ki, müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən salamat olarlar.
Cinlər necə mövcudlardır?
Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:
1. Cinlər insanardan öncə və oddan xəlq olunublar,
2. Cin də insan kimi Allah qarşısında vəzifəli və mömin və kafiri var.
3. Onlarda da kişi və qadın cinsi var, doğub törəyir və ölürlər,
4. Cinlər sürətlə hərəkət edir, amma insanlar onları ələ keçirə bilərlər.
5. Mömin cinlər İslam Peyğəmbərinə (s) və İmamlara xidmət edir, yəni iman əhli olublar.
İslam terrora icazə verirmi?
İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur. (“Maidə”, 32) İslam ədəbiyyatında “terror” mənasını “fətək” sözü ifadə edir. İslam fiqhinə görə: 1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir. 2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər...
Doğrudanmı, İslam qılınc dinidir?
«İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah-təala öz peyğəmbəri Məhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!». (Yunis/ 99.) Ayədən məlum olur ki, məcburi imanın heç bir faydası yoxdur. Bundan əlavə, insanlardan bir qrupunun iman gətirib, digər qrupunun iman gətirməməsi, onların iradə azadlığının sübutudur. Bu gün məzlum kütlələrin qanını içib, başına mərmi yağdıran dünya zorluları, İslamı və müsəlmanları zorda ittiham edirlər. Müsəlman torpaqlarını işğal edənlər sülhsevər, vətənini müdafiə edənlər isə, terrorist adlandırılırlar. Bədənini satan qadın azad, örtüklü qadın isə, kölə kimi təqdim olunur. Bununla belə, İslam topsuz-tüfəngsiz Avropa və Amerikada anbaan genişlənir.
Əgər ağıl varsa, dinə nə ehtiyac?
...İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır. Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək...
Aristotel, Platon və Sokrat peyğəmbər idilərmi?
İddia edilir ki Ayətullah Cavadi Amilidən bu haqda nəzər irəli sürülüb. İddia edilir ki ayətullah Cavadi Amilinin fikrinə görə, Kuroş, Pifaqor, Aristotel, Platon və Sokrat peyğəmbər olmuşdur. Amma bu fərdlərin peyğəmbər olmasına dair Ayətullah Cavadi Amilinin dilindən gələn konkret bir münasibət yoxdur.Həqiqətdə bu beş nəfər peyğəmbər idilərmi? Başqa bir riyaziyatçı və ya tanınmış filosofların peyğəmbər olması fikri doğrudurmu? Ümumi cavab: Quran, Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədislərdə bu şəxslərin peyğəmbər olmasına dair bir dəlil yoxdur. Ancaq bəzi mütəfəkkirlər bu şəxsiyyətlər tərəfindən irəli sürülmüş ilahi təlimlərə diqqət göstərməklə, ehtimal baxımından (qəti surətdə yox) onların peyğəmbər olmasının mümkün ola bilməsini müzakirə etmişlər.Bu barədə din mütəfəkkirlərindən birindən nəql olunur ki, Orta Şərq tarixi göstərir ki, Aristotel, Sokrat və s. kəslər həzrət İbrahimin şagirdlərindən olmuşdur. Çünki o zamana qədər Orta Şərq camaatı ya inkarçı, ya da müşrik olmuşlar.
Sehr xürafatdır, yoxsa həqiqət?
«Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür. Gözbağlayıcılıq, təlqin, yalnız mütəxəssislərə məlum fiziki və kimyəvi proseslər, cindarlıq vasitəsi ilə nümayiş etdirilən hadisələr sehr kimi qəbul olunur. Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. Amma hal-hazırda da sirk tamaşalarında sehrbazlıqla tez-tez qarşılaşırıq. Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı bir predmetin uçması indiki dövrdə, çətin ki, kimsəni təəcübləndirsin. Çünki insanların əksəriyyəti kimyadan xəbərdardır və bir çox maddələrin havadan yüngül olduğunu bilir. Bu maddədən hər hansı bir cismdə yerləşdirməklə, onu hərəkətə gətirmək olar. Yuxarıda deyilənlərdən məlum olur ki, sehr inkar ediləsi xürafat deyil. Amma bu iş, adətən, insanların aldadılması üçün istifadə olunduğundan, İslam dinində qadağandır və böyük günahlardan hesab olunur.
Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?
Hz. İbrahim (ə) Allah tərəfindən oğlunun qurban olunmasına əmr olunur! Şeytan İbrahimə vəsvəsə edir amma məğlub dönür! Bu zaman İsmayilə (ə) atasının onu öldürəcəyini söyləyir. İsmayil (ə) buyurur: “Nə üçün?”. Şeytan deyir: “Belə hesab edir ki, Allah ona bu işi əmr etmişdir”. Ismayil (ə) deyir: “Əgər Allahın əmri olarsa, qəbul edəcəyəm”. Şeytan bu dəfə vəsvəsə üçün İsmayilin (ə) anası Həcərin yanına gəlir və olanları ona deyir. Həcər buyurur: “İbrahimin (ə) İsmayilə (ə) olan əlaqəsi onu bu işdən saxlayar”. Şeytan deyir: “O, xəyal edir ki, Allah ona əmr etmişdir”. Həcər deyir: “Əgər Allah deyibdirsə, biz Ona təslimik”. Bu zaman şeytan uzaqlaşır. İsmayili (ə) bu işdən çəkindirə bilmir. Ona görə də İbrahim (ə) ona üç tərəfdən daş atır ki, uzaqlaşsın. Allah da bu əmələ görə onu hacılar üçün sünnət qərar verir.
Duaları yazıb öz üstündə gəzdirməyin faydası varmı?
Cavab: Dua möminin silahı, ehtiyacların həyata keçmə vasitəsi, Allahla rabitənin açarıdır. Ən gözəl dua insanın öz dili ilə Allah dərgahına ünvanladığı söz şəklində duadır. Buna görə də oxunan dualara dini mənbələrimizdə daha çox üstünlük verilib. Məsumlarımızın buyruqlarında da şifahi dualar üstünlük təşkil edir. Bununla yanaşı, elə dualar da var ki, onların yazılması və insanın üstündə gəzdirilməsi fayda gətirir. Bu duaların bir qisminin yazılma şəraiti, vaxtı və vasitələri ilə bağlı konkret göstərişlər var ki, duanın təsiri də bunlardan asılıdır. Yazılan dualara hörmətlə yanaşmaq, onları murdar olmaqdan qorumaq lazımdır. Yazılan dualar arasında ayətül-kürsi, bədnəzər, ruzi, qorxu və hacət duaları daha geniş yayılıb./ixlas.