Pul tapan cavan, hansı yolu seçdi? İmam Sadiqin (ə) səhabəsi
Bir gün bir cavan İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Ağacan, sərmayəm yoxdur”. İmam (ə) ona buyurur: “Doğruçu ol! Allah ruzini çatdıracaqdır”.
Cavan bu sözlərdən sonra İmamın (ə) yanından çıxır və gedir. Yolda bir kisə pul tapır. Onun içində 700 dinar pul var idi. Öz-özünə deyir: “Gərək İmamın (ə) buyuruşuna əməl edəm. Ona görə də insanlara elan edəcəyəm ki, bu kisənin sahibini tapsınlar”. Yüksək səslə deyir: “Hər kim pul kisəsi itiribsə, gəlib nişanəsini desin və aparsın”. Bir nəfər gəlir və kisənin nişanəsini deyir. Cavan da kisəni ona qaytarır. Sonra İmamın (ə) yanına gəlib, olanları Həzrət Sadiqə (ə) danışır. İmam (ə) ona pul verərək, buyurur: “Bu halal 70 dinar, o haram 700 dinardan daha yaxşıdır.
İmam Sadiq (ə) səhabəsi Cündəb oğluna hansı iki əməli şeytanın tələsi olaraq tanıtdırmışdır?!
ŞEYTANIN İKİ TƏLƏSİ! Ey Rəbbimiz, bizi vəzifələrimizlə tanış et və şeytanın şərindən amanda saxla! Möminlərə, xüsusi ilə də Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, insanları ovlamaq üçün şeytanın tələləri vardır. Ən böyük tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. Şeytanın ikinci tələsi isə insanları namazı vaxtında qılmaqdan çəkindirməkdir.
Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Təhsil, tədris, jurnalistika və s. sahələrdə çalışanlar qohum-əqrabanı, qonşuları, din qardaşlarını unutmamalıdırlar. Diqqətini bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var...
İslam Peyğəmbəri (s) borclu səhabəsinin cənazə namazını qılmaqdan imtina etdi?!
Bir nəfər kişinin cənazəsini gətirirlər ki, Peyğəmbər (s) ona namaz qılsın. Həzrət (s) üzünü səhabələrinə çevirib, buyurur: “Siz ona namaz qılın, mən qılmıram”. Səhabələri deyir: “Ya Rəsulallah! Niyə ona namaz qılmırsınız?”. Həzrət (s) buyurur: “Çünki insanlara borcu vardır”. Əbu Qətadə deyir: “Mən zamin oluram ki, onun borcunu ödəyəcəyəm”. Həzrət (s) buyurur: “Kamil şəkildə ödəyəcəksən?”. Deyir: “Bəli”. Bundan sonra Həzrət Peyğəmbər (s) həmin cənazəyə namaz qılır. Əbu Qətadə deyir ki, ölən şəxsin borcu 17 dirhəm idi. Yəni, çox az məbləğdə borcunun olmasına baxmayaraq, bu cür şiddətli şəkildə qınanmışdır. Allah Təala bizləri insanların haqqını hər zaman ödəmək durumunu nəsib etsin!
Niyə insan Məsumların (ə) yanında bir halətdə, onlarsız isə başqa halətdə ola bilir?
Səlam ibni Mustənir nəql edir ki, İmam Baqirin (ə) xidmətində idim. Həmran ibni Əyin İmamın (ə) yanına gəldi və Həzrətdən (ə) bir neçə məsələ ilə bağlı suallar soruşdu.
O zaman ki, qalxıb getmək istədi, dedi: “Niyə biz sizin xidmətinizə gələn zaman sizinlə söhbət etmək bizə elə təsir qoyur ki, ürəklərimiz yumşalır və canımız dünyanı unudur? Zəngin insanların əlində olan sərvət bizim üçün dəyərsiz olur? Ancaq elə ki, sizin xidmətinizdən çıxırıq – insanların və tacirlərin həmdəmi oluruq. Dünyaya qarşı əlaqəli oluruq?”. İmam (ə) buyurur: “Bu, qəlb xüsusiyyətləridir ki, bəzi şəraitdə sərt və bəzi şəraitdə yumşaq olur. Peyğəmbərin (s) səhabələri də Həzrətə (s) buna bənzər bir sual vermişdilər. Həzrətə (s) demişdilər: “Ey Allahın Rəsulu! Qorxuram ki, münafiq olam”...
Həzrət Abbasın (ə) məqamına qibtə etmək olarmı?
Nəinki olar, hətta bu, yaxşı bir keyfiyyətdir də. Belə ki, Həzrət Abbasın (ə) məqamına qibtə edən, o Həzrət (ə) kimi olmağa çalışacaqdır və ona xas fəzilətləri əldə etməyə səy edəcəkdir. Bu səbəbdəndir ki, bütün şəhidlər Həzrət Abbasın (ə) uca məqamına hər zaman qibtə edir və onun kimi olmağa çalışırlar. İmam Sadiq (ə) bu böyük şəxsiyyət haqqında buyurur: “Əmimiz Abbas bəsirətə, mərifətə və möhkəm imana malik idi. İmam Hüseynin (ə) bayrağı altında cihad etdi və gözəl mübarizə etdi – o zamana qədər ki, şəhid oldu”. Bu gün Vətəni və dini müdafiə etmək meydanına qədəm basan hər bir cavan bilir ki, onun İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) kimi örnək və nümunəsi vardır. Bu, doğrudur ki, tarix artıq İmam Hüseynə (ə) və Həzrət Abbasa (ə) bənzər birini tanımayacaqdır. Ancaq bir nümunə kimi onlar kimi olmağa çalışan və səy göstərən möminlərin sayı çox olacaqdır.
İmam Hüseynin (ə) yoxsul insana hansı üç 3 sualı verdi?!
Bir nəfər İmam Hüseyindən (ə) maddi yardım istədi! İmam (ə) buyurdu: “Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan”.
Həmin şəxs dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz”.
İmam Hüseyn (ə) buyurdu: “Mən cəddimdən eşitmişəm ki, buyurub: “İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir””. Həmin şəxs dedi: “Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm”. İmam (ə) soruşur: “Hansı əməlin fəziləti daha çoxdur?”. Deyir: “Allaha imanın”. İmam (ə): “Giriftarlıqdan çıxış yolu nədir?”. Deyir: “Allaha etimad etmək”. İmam (ə): “Bir kişinin həqiqi gözəlliyi nədədir?”. Deyir: “Mülayimlik və səbirlə birlikdə olan elm”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “İnsafla olan sərvət”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “Səbirlə birlikdə olan yoxsulluq”...
Həzrət Əli (ə) ah çəkən Cabir (r) üçün dünya ləzzətlərini necə vəsf etdi?!
Nəql olunur ki, bir gün Həzrət Əli (ə) Cabir ibn Abdullahın dərindən ah çəkdiyini eşitdi. “İslaminSesi” - Həzrət ona buyurdu: Ey Cabir! Nə üçün belə ah çəkirsən?! Dünyaya görədirmi? Cabir dedi: Bəli. Əli (ə) buyurdu: Ey Cabir! Dünya ləzzətləri yeddi növdür: Yeməlilər, içməlilər, libas, evlilik və cinsi yaxınlıq, minik vasitələri, iyləmələr və eşitmələr. Dünyanın ən ləzzətli yeməyi baldır. Bu bir həşarətin ağız suyudur.Ən yaxşı içməlisi sudur. O isə çoxdur və cərəyan edərək yer üzündə insanların ehtiyacını ödəyir. bu da ki, ah və həsrət istəmir. Dünyanın ən yaxşı libası ipəkdir. O isə bir qurdun ağız suyundan ibarətdir...
Cabir deyir: “Allaha and olsun, Əli (ə) dünyanın ləzzətlərini mənim üçün belə təsvir etdikdən sonra bir daha dünya və onun ləzzətləri mənim nəzərimdə cilvələnmədi. Daha dünyanın həsrətini çəkmədim. (\"Biharul-Ənvar\", c. 75 , səh. 11)
Ruzini əldə etmək üçün İmam Sadiqin (ə) səhabəsi Əbu-Bəsirə təlim etdiyi hansı təsirli duanı öyrətdi?!
Əbu Bəsir deyir ki, İmam Sadiqə(ə) ehtiyaclıqdan və yoxsulluqdan şikayət etdim və ondan xahiş etdim ki, ruzi üçün mənə bir dua təlim etsin. Beləcə, mənə bir dua öyrətdi ki, onu oxuduqdan sonra (təsirini gördüm və) daha ehtiyaclı olmadım. O buyurmuşdu: Gecə namazından sonra səcdədə de: “Ya xəyrə məd`uvv və ya xəyrə məs`ul və ya əvsə`ə mən ə`ta və ya xəyrə murtəca, urzuqni və əvsi` ələyyə min rizqikə və səbbib li rizqən min qibəlikə, innəkə əla kulli şəy`in qədir”. Bu duanın oxunma zamanına gəldikdə isə onu gecə namazından sonra və habelə gündəlik namazların axırıncı səcdəsində də demək daha münasibdir. Onu namazlardan sonra, ya istənilən hər zamanda demək olar.
İmam Əlidən (ə) Malik Əştərə: İstəyirsənmi ki, Allah səhvlərini bağışlasın?
İmam Əli (ə) də Malik Əştərə verdiyi tövsiyədə buyurur ki, tabeliyində olanların pis rəftarlarına güzəşt etməyi unutma. Həzrət buyurur: “Ey Malik! Bağışlamaq və böyüklük ilə əvəzini vermək mümkün olan büdrəmələrini bağışla. Necə ki, istəyirsən Allah sənin büdrəmələrindən keçsin. Çünki sən rəhbərlik məqamında daha yüksək vəzifədəsən. Həmçinin səni bu işə təyin edən vali də səndən üstündür. Allah da sənin rəhbərlik əmrini imzalayan həmin validən üstündür”. İmam Əli (ə) İbn Abbasa yazdığı məktubda buyurur: “O yerin insanlarını onlara yaxşılıq edərək xürrəm və şad et və qorxu düyünlərini ürəklərindən aç. Allah ədalət və ehsana əmr edir: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir”. (“Nəhl” 90)”...
“Allahın rəhməti olsun bizim sözlərimizi diri tutanlara” – İmam Sadiq (ə)
Əhli-Beyt (ə) İmamların sözü Quranın və peyğəmbərin (s) sözüdür. İmam Rza (ə)-dan nəql olunan hədisdə deyilir, İmam (ə) buyurdu: \"Allah rəhmət eləsin bizim əmrimizi diri tutanlara”. Soruşdular ey peyğəmbər övladı sizin əmrlərinizi diri tutmaq nə deməkdir? İmam (ə) buyurdu: Bizim kəlamlarımızı, sözlərimizi öyrənmək və onu başqalarına çatdırmaq . Əgər insanlar bizim sözlərimizi gözəlliklə eşidib, bilsələr bizi özlərinə öndər bilərlər. Yaxud Muaviyyə bin Əmmar nəql edir ki, mən İmam Sadiqdən (ə) soruşdum: İnsanlardan eləsi vardır ki, sizin sözlərinizi öyrənir və bunu başqalarına da nəql edirlər. Bunula onlar insanların qəlbinə fərahlıq bəxş edir, qəlbləri diri tuturlar. Elə kəslər də vardır ki, abiddirlər lakin sizin sözlərinizdən qəflətdədirlər. Bu kəslərdən hansi daha fəzilətlidir? İmam (ə) buyurdu: “Bizim kəlamlarımızı bilən və bunu insanlara çatdıran, bununla da insanların qəlbinə həyat bəxş edən kəslər min abiddən üstündür.” (Usul-kafi)