Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi və şərikli kəsmək olarmı?!
Əlbəttə, qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.
Əhli-sünnə məzhəbinə görə, qoyun və keçini başqası ilə şərikli halda kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir. Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər. Şiə məzhəbinə görə, hər kəsin müstəqil surətdə qurban kəsməsi (kəsdirməsi) lazımdır. Yalnız həcc zamanı son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar...
Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?
Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır. Bunlar cəfəri fiqhinə aid olan hökmlərdir. Əhli-sünnə məzhəbinə görə, qoyun və keçinin bir yaşına dolması şərtdir. Amma əgər bir yaşından kiçik olan quzu ölçülərinə görə bir yaşlı qoyun kimi görünərsə, kəsilməsinə icazə verilir. Əhli-sünnəyə görə. inəyin ən azı 2, dəvənin ən azı 5 yaşı tamam olmalıdır.
Hansı heyvan növlərindən qurban kəsmək olar və kəsilən heyvan mütləq erkək olmalıdır?!
İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə «ənam» qisminə aid olan heyvanların yuxarıda aı çəkilən dörd cinsdən olduğu vurğulanıb.
Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, «Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır» düşüncəsi ilə adı çəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban sayılmaz...
Cümə namazını qılmaq üçün neçə nəfərin olması şərtdir?
Cümə namazı əksər müctəhidlərin fətvasına görə, vacibi-təxyiridir. Yəni insan zöhr və ya cümə namazını qılmaq arasında ixtiyar sahibidir. Bunlardan birini şərtlərinə uyğun şəkildə düzgün qılmışsa, o birini qılmağa ehtiyac qalmaz. Bu, şiə məzhəbinin nəzəridir. Əhli-sünnə görüşünə əsasən isə, cümə namazını qılmaq vacibdir.
Cümə namazının qılınması üçün 5 nəfərin toplaşması kifayətdir. Belə ki, bir nəfər İmam və 4 nəfər ona iqtida edən bir araya toplaşarsa, cümə namazı qıla bilərlər. İqtida edənlərin kişi ya qadın olması fərq etməz.
Oxucu sual verir: Bankda işləməyə şəriətimiz icazə verirmi?
Bank fəaliyyətində haram olan sahələr əsasən, riba (sələm) ilə bağlıdır. Dinimizdə sələm qəti olaraq haram sayılır. Sələm vermək, sələm almaq, bu prosesdə vasitəçilik etmək günahdır. Ona görə də bankların sələmlə bağlı fəaliyyət sahələrində çalışmaq dinimiz baxımından icazəli deyil. Bura əsasən, bankın sələm əməliyyatlarını qeydə almaq, bu işdə şahidlik etmək, sələmi müştərilərdən təhvil almaq kimi işlər daxildir. Bu sahələrdə işləmək günahdır və bundan məvacib almaq haramdır. Lakin bankın sələmlə bağlı olmayan digər fəaliyyət sahələrində işləmək icazəlidir...
Aşura günü qəmə vurmaq halaldır, yoxsa haram? - İSLAM ALİMLƏRİNİN MÖVQEYİ
QMİ Qazılar Şurası dünən Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada bildirilir ki, əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər. Bəs, tanınmış İslam alimləri Aşura günü zəncir və qəmə vurmaqla qan çıxarmağa necə baxırlar? Bu işi görmək halaldır, yoxsa haram? FaktXəbər olaraq İslam dünyasının tanınmış alimlərinin bu məsələ ilə bağlı fikirlərini təqdim edirik.
Ayətullahul-üzma Seyid Əbul Qasim Xoyi: “Qılıncla baş yarmaq haqqında heç bir sübut yoxdur və onun müstəhəb (savab gətirən əməl) sayılması üçün heç bir yol mövcud deyil. Əgər Məhərrəm ayında qəmə vurmaq, qan çıxarmaq, özünə xəsarət yetirmək dinin gözdən salınmasına və dinin təhqirinə səbəb olursa, bu qəti şəkildə haramdır”.
Ayətullah Şəhid Seyid Muhamməd Baqir Sədr: “Bu kimi işlər, cahil insanların işidir və alimlər davamlı olaraq bu kimi işləri qadağan etmiş və haram olduğunu demişlər.”
Ayətullahul-üzma Seyid Əli Xamenei: “Qılıncla baş yarmaq, uydurma bir əməldir və dinlə əlaqəsi olmayan işlərdəndir. İmamların vaxtında bu cür işlər olmayıb. Ümumiyyətlə, dinin və məzhəbin zəifləməsinə və onun qeyri-ciddi bir şəkildə tanıtdırılmasına səbəb olan əməllərə icazə verilmir. Heç şübhə yoxdur ki, Allah da onun edilməsinə razı deyil...
Vacib namazda hansı hallarda niyyəti dəyişmək vacib və müstəhəbdir?!
Cavab: Aşağıdakı hallarda namazın niyyətini dəyişmək vacibdir:
1) Niyyəti əsr namazından zöhr namazına dəyişmək: belə ki, namaz qılan şəxs əsr namazını qıldığı əsnada zöhr namazını qılmadığını başa düşür.
2) Niyyəti işa namazından məğrib namazına dəyişmək: belə ki, işa namazını qıldığı əsnada məğrib namazını qılmadığını başa düşür və niyyəti dəyişmək yeri də ötməmişdir (yəni dördüncü rəkətin rükusunu hələ etməmişdir).
3) Əgər namaz qılan şəxsin boynunda iki namazın qəzası vardırsa və bu namazları öz vaxtında tərtib ilə qılmaq şərt idisə, bu halda əgər unutqanlıq nəticəsində birinci namazın qəzasını qılmamışdan qabaq ikinci namazın qəzasını qılmağa başlamışdırsa, niyyəti birinci namaza dəyişməlidir...
Peyğəmbərimiz (s) dəstəmaz almağı kimdən öyrənmişdir?
Besətin ikinci günündə Cəbrayil (ə) yerə enir və Peyğəmbərə (s) dəstəmaz almağı və namazı öyrədir. Həzrət (s) ilk namazı həmin günün zöhründə qılır.
Həzrət Peyğəmbərə (s) nazil olan ilk ayə ilə Həzrətin (s) risaləti başlanır. Əziz Peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə) – ilk iman gətirən qadın olur. Kişilərədn ilk iman gətirən – Əmirəlmöminin İmam Əli (ə) olur.
Bundan sonra Peyğəmbər (s) insanları gizli olaraq İslam dininə dəvət edir və nəticədə 40 nəfər İslam dinini qəbul edir. Həzrət (s) gizli təbliğat aparandan sonra Quran ayəsi nazil olur ki, həqiqətləri aşkar etsin və hər kəsi aşkar şəkildə tək olan Allaha iman gətirməyə dəvət etsin...
Fitrə verəcəyimiz fəqir kimə deyilir?!
Fəqir ərəb dilində “yoxsul, kasıb, möhtac” deməkdir. Fəqir (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar.Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): “Allah zəngindir, siz isə yoxsulsunuz” (Mühəmməd, 38).
Fəqirlik bəzən mənəvi kasadlıq mənasında işlədilsə də, daha çox maddi yoxsulluq mənasında anlaşılır. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur.
Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzifəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçinin, sədəqə bu cür şəxslərə ünvanlanır. Fəqirə yardım göstərmək İslamda çox böyük savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq böyük günahdır.
Hansı zaman və hallarda oruc tutmaq haram və məkruhdur?!
Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır.
Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ləzzət almaq haqqı aradan getsə, oruc ona haramdır. Həmçinin vacib olan, amma vaxtı müəyyən olmayan oruc tutsa, məsələn, vaxtı müəyyən olmayan nəzir orucu kimi, bu halda vacib ehtiyata əsasən, (ərin haqqı aradan gedərsə) orucu batildir və nəzir orucunu əvəz etməz. Habelə vacib ehtiyata görə, əgər əri onun müstəhəb yaxud vaxtı müəyyən olmayan vacib oruc tutmasını qadağan edərsə, hətta ərinin haqqı ilə ziddiyyəti olmasa belə, hökm eynidir. Müstəhəb ehtiyata əsasən, qadın ərinin icazəsi olmadan müstəhəb oruc tutmasın.
Məsələ 3: Övladın müstəhəb oruc tutması ata-ananın övlada şəfqəti üzündən əziyyət və inciməsinə səbəb olarsa, haramdır....