Bərzəx aləminin əzabı Qiyamətə qədər davam edəcəkmi?
Bərzəx aləmi mənəvi aləm olduğu üçün, qeyri-maddidir və orada hərəkət yoxdur. Çünki bərzəx aləmində zaman anlayışı yoxdur. Zaman maddi dünyaya aid olduğu üçün, burada hərəkət vardır. Ancaq bərzəx aləmi qeyri-maddi olduğu üçün, orada zaman yoxdur. Bərzəx aləmində olan əzab, həmin şəxsin bərzəx təkamülü üçündür. Bərzəx aləmində insanın dünya ilə əlaqəsi kəsilməz. Belə ki, dünya əhlinin bəzi əməlləri onun əzabını yüngülləşdirə və aradan apara bilər.
Misal üçün, Həzrət Peyğəmbər (s) nəql edir ki, Həzrət İsa (ə) bir qəbrin kənarından keçir ki, əzab çəkir. Ancaq bir il keçəndən sonra yenə həmin qəbrin kənarından keçən zaman görür ki, qəbir sahibi əzab çəkmir. Allah Təaladan istəyir ki, bunun səbəbini ona agah etsin.
Vəhy gəlir ki, onun saleh övladı vardır ki, bu müddət ərzində həddi-büluğa çatmış və iki saleh əməl yerinə yetirmişdir. Biri budur ki, bir yolu insanlar üçün səliqəyə salmışdır. O biri əməli isə odur ki, bir yetimə məskən vermişdir. “Mən də bu saleh övladın əməllərinə görə atasının əzabını aradan qaldırmışam”.
O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur?
Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”.
Belə bir sualı İmam Əliyə (ə) də vermişdilər və o, buyurmuşdu: “Quraqlığın Allahı, həmin dənizlərin də Allahıdır. Dənizlərin Allahı, göylərin də Allahıdır. Allah üçün fərqi yoxdur ki, insanın bədəni qəbirdə olsun, yoxsa heyvanların qarnında və ya başqa bir yerdə”. Beləliklə qəbir əzabı, yəni ruhun Bərzəx aləmindəki əzabıdır. Bu əzab ona layiq olan bəndələr üçün haqdır. Allah Təala bağışlayan və mehribandır. O, insanlara dünyada işlətdikləri günaha görə tövbə qapısını açıq qoymuşdur ki, özlərini bu günahlardan paklasınlar və Bərzəx əzabından azad olsunlar.
Möminlərin şəfaətçiliyi necə olur?
Əbu Bəsir nəql edir: “Mən səhabələrin biri ilə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrətə (ə) dedim: “Ey Allah Rəsulunun oğlu! Bəzən səbəb olmadan qəmgin və narahat oluram. Bunun səbəbi nədir?”. Həzrət (ə) buyurdu: “Sizə çatan qəm və sevinc bizim tərəfimizdəndir. Çünki nə zaman biz qəmgin olsaq və ya şadlansaq – onun təsirindən siz də sevinir və qəmgin olursunuz. Səbəbi budur ki, bizlər və sizlər bir nurdan, yəni Allah Təalanın nurundanıq. Allah sizlərlə bizim fitrətimizi eyni cür qərar vermişdir. Ancaq sizin fitrətiniz düşmənlərin fitrəti ilə qarışmışdır. Buna görə də bizimlə bərabər mərtəbədə olmaqdan xaric olmusunuz. Əgər bu cür olmasaydı, siz günah etməzdiniz”. Həzrətə (ə) dedim: “Bizim fitrətimiz və nurumuz əslinə tərəf qayıdırmı?”. Həzrət (ə) buyurdu: “Bəli. Allaha and olsun ki, bizim davamçılarımız Allah nurundan xəlq olmuşdur. Həmin nura tərəf də qayıdacaqdır. Allaha and olsun ki, Qiyamət günü sizlər bizə qoşulacaqsınız. Biz şəfaət edəcəyik və şəfaətimiz qəbul olunacaqdır.
Qiyamət günü hesab verməyin ən çətin mərhələsi hansıdır?
Hədislərdən və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü hesab verməyin ən çətin mərhələsi – haqqun-nasdır. Qiyamət günü taciri gətirərlər və deyərlər ki, sən filankəsi filan iş üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi ver görək, necə verəcəksən?!
Haqqun-nas elə bir şeydir ki, insanı ən son mərhələdə behiştdən saxlayar və cəhənnəmə göndərər. Hədislərimiz buyurur ki, siratın yeddi dayanacağı vardır ki, onun ən sonuncusu haqqun-nasdır. İnsan bütün dayanacaqlardan keçər və gəlib çatar sonuncu dayanacağa. Ona deyərlər ki, sənin boynunda haqqun-nas vardır və üzü aşağı cəhənnəmə atarlar.
Necə də ağır bir hesabdır! İmamSadiq (ə) buyurur: “Borclu olanı Qiyamət günü hazır edərlər. O halda ki, dəhşət və qorxu içində olar. Əgər həsənələri (savabları) varsa, ondan alarlar, borclu olduğu şəxsə verərlər. Əgər həsənələri olmasa, borclu olduğu şəxsin günahlarından götürər və ona verərlər”...
Bərzəxdə insanın bədəni dünya bədəninə oxşayırmı?
Hədislərimizin buyurduğu kimi, bərzəx bədəni – həqiqətdir. Bizim üçün məchul görünsə də, ancaq həqiqətdə insan bu dünyadan bərzəx aləminə düşən zaman dünya bədənini tərk edər və ruhu bərzəx bədəninə daxil olar. Bu bədən insanın dünyadakı bədəninə çox bənzəyər, ancaq maddi olmaz. Mücərrəd bir bədən olar ki, ona misali bədən deyilir.
Bu haqda hədislərimdizə oxuyuruq. İnsan hansı aləmdə olursa-olsun, bədənə malik olar. İstər məna aləmində olsun, istər dünyada və axirətdə. Ona görə də belə deyildir ki, ruh özbaşına mövcud olsun. Ruh olan yerdə bədən də olar. İmam Sadiq (ə) buyurur: “(Bərzəxdə) möminlərin bədənləri onların dünya bədənlərinə oxşayar”.
Qəbir aləmində qohumlar bir-birləri ilə görüşə biləcəklərmi?
... İnsan ruhu bərzəx aləminə daxil olandan sonra fikir və əqidəsinə əsasən, xüsusi şəraitdə qərar tutur.
Hədislərimiz nəql edir ki, möminlərin ruhları bərzəx aləmində görüşəcəklər. Bir-biri ilə söhbətlər edəcəklər. O zaman ki, bir mömin dünyasını dəyişəcəkdir, başqa möminlər onun yanına gələcək və halını soruşacaqlar. Əgər aralarında yaxınları vardırsa, dünyada qalanların halından sorğu-sual edəcəkdir.
İmam Sadiq (ə) buyurur: “Ruhlar cəsədlərə bənzəyirlər. Behiştdə behişt meyvələrindən istifadə edərlər. Bir-birini tanıyarlar. Bir-birini sorğu-sual edərlər. O zaman ki, dünyada bir nəfər ölər, ruhu bərzəx aləminə gələr və başqa ruhlar onunla görüşməyə gedərlər”.
Etdiyimiz yaxşı əməllər ölənlərimizə müsbət təsir edirmi?
İmam Sadiq (ə) buyurur: “Ölən insan, onun üçün istənilən rəhmət və bağışlanmağa görə şad olar, necə ki, diri insan, ona hədiyyə verilən zaman sevinər”. (Tebyan)
İnsanın öləndən sonra mühüm mövzularından biri də bərzəx təkamülü mövzusudur. Yəni, insan bərzəx aləmində, öləndən sonra ona nəsib olan bərəkətlərdən bəhrələnər. Əgər həyatda saleh övladı olarsa və onun üçün bağışlanma diləyərsə, onun dərəcəsi qalxar. Ona görə də hədislərimiz bizə tövsiyə edir ki, ölülər üçün bağışlanmaq istəyək və ya onları yada salıb, yaxşı işlər görək.
Hədislərimiz buyurur ki, saleh övlad sədəqə kimidir və bərzəx aləmində sahibi üçün əcrə malikdir. Saleh övlad valideynləri üçün istiğfar edər, Allah da onlara Öz rəhmətini şamil edər. Bəzən övlad valideynini yada salmadan da, yaxşı işlər görər. Bu yaxşı iş yaxşı tərbiyənin məhsulu olduğu üçün, Allah bu əmələ görə onu bərzəxdə bəhrələndirər. Əzabına son verər...
Ölüm vaxtını bilmək insanın xeyrinədirmi?
İnsanların ölüm vaxtı məlum deyildir. Bu zamanın insan üçün məchul olmasının iki nəticəsi vardır:
1. Allah insanı elə xəlq etmişdir ki, həmişə cavidanlıq – həmişəyaşarlıq ardınca olmuşdur. Ona görə də insan gələcək həyata həmişə ümid bəsləyərək, yaşayar.
2. Ölüm vaxtını bilməməyin başqa bir faydası budur ki, insan düzgün yolu seçməkdə azad olar. İnsan imanı seçə və ya onu tərk edə bilər. Əgər imanı öz iradə və ixtiyarı ilə seçərsə, ruhi sevinc əldə edər.
-Əgər insan öz ixtiyarı ilə bu yolu seçərsə, bu, onun üçün kamal hesab edilər. Əgər insan ölüm vaxtını bilərsə, üsyankar ruhla böyüyər. Bu cür insan ölümünə az qalmış tövbə etməyi qərara alaraq, qalan ömrünü günaha və itaətsizliyə sərf edəcəkdir. Bu cür tövbə azad ruhla edilməmişdir. Bu cür insan behiştə getmək üçün tövbə edər.
Niyə Allah günahkarların əzabını bəzən təxirə salır?
Görəsən niyə Allah bəzi günahkarların əzabını təxirə salır?
1. Hüccəti tamamlamaq. Allah Təala insanı xəlq etmişdir və ona görə də insanın hidayət olması üçün lazım olan şəraiti yaratmalıdır. Bu sayədə bəhanə üçün yer qoymaz. Uca Allah insanın hidayət olması üçün həm batini və həm də xarici peyğəmbərlər qərar vermişdir. Bu ikisi sayəsində hüccətini bəndələrinə tamamlamış olar.
Ancaq bəzən insan hidayət amillərindən qafil olar və diqqət etmədən günah işlədir. Əzabı təxirə salmaq onu qəflətdən oyadar və onu təfəkkür etməyə vadar edər.
2. İnsanın ixtiyarını əlindən almamaq. İnsan etdiyi əməldə ixtiyar sahibidir. O, öz seçimi ilə ya səadəti seçir, ya da bədbəxtliyi. Əgər ixtiyar sahibi olmasaydı, imtahana çəkilməsinin heç bir faydası olmazdı. Allah bəndələrinin əzabını ona görə təxirə salar ki, ixtiyar sahibi olaraq qala bilsin. İnsanı imtahana çəkmək mümkün olsun...
Haqq-hesab çəkilmədən behiştə daxil olanlar?!
Allahın rəhim və mərhəməti çox böyükdür. Belə ki, bütün insanlara və bütün məxluqlara şamil ola bilər. Bu mərhəmət xüsusilə o kəslərə şamil olar ki, İlahi bəxşişə ümid bəsləyirlər.
Quran şəhadət verir ki, Allaha iman bəsləmək, Allah yolunda şəhid olmaq, Əhli-beyt (ə) dostluğu, insanlara qarşı güzəştli olmaq bais olar ki, insan hesab vermədən behiştə daxil olsun. Bəs bu insanlar kimlərdir?
1. Möminlər. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Möminlər nicat taparlar və hesab vermədən behiştə daxil olarlar”.
2. İlahi Övliyalar. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Allaha, Rəsuluna (s), yer üzündə Allahın hüccətlərinə mərifəti olan və onların haqqını etiraf edən və onların mütisi olan İlahi Övliyalar hesab vermədən behiştə daxil olacaqlar”...