Quranda bir surə nə üçün “bismillah” kəlməsi ilə başlamır?


Məcməul-bəyan təfsirində Fəxr Razidən nəql olunan bir hədisdə İmam Əli (ə)-ın bu barədə belə buyurduğu qeyd olunur: “Tövbə surəsinin əvvəlində “Bismillahir-rəhmanir-rəhim” ayəsi zikr olunmayıb. Çünki “Bismillah” aman və ilahi rəhmətdir. Tövbə surəsi isə kafirlərin amanını qılınca pozmaq üçün nazil olub. (Yəni əhdi sındıran kafirləri cəzalandırmaq üçün). – (Məcməul-Bəyan c-2. Səh-5) Hənçin Tövbə surəsinin özündən öncəki Ənfal surəsinin davamı olduğunu deyən təfsirçilər də vardır və onlar hesab edir ki, Tövbə surəsindəki əhdlə bağlı ayələr Ənfal surəsindəki ayələrin davamıdır. Həmçinin İmam Sadiq (ə)-dan nəql olunan hədis də bunu təsdiqləyir. Hədisdə buyrulur: “Tövbə və Ənfal birlikdə tək surədir.” (Məcməul-Bəyan c-5. Səh-1) Qeyd edilən iki hədisin bir-biri ilə ziddiyyəti yoxdur. Çünki Tövbə surəsi Ənfal surəsinin davamı olsa belə İmam Əli (ə)-ın bu haqda buyurduğu mətləbi həmin hissəyə də aid etmək olar.


Allah Taala (c.c) Şeytanı nə üçün xəlq etdi?!


Gərək bu sualın cavabında deyək ki, Allah Təala şeytanı, şeytan olaraq xəlq etməmişdir. Əslində Uca Xaliq cinləri xəlq etmişdir. Bu, cindir ki, dönüb şeytan olmuşdur.
Eləcə də Allah Fironu, Firon olaraq xəlq etməmişdir, onu insan olaraq xəlq etmişdir. Bu, həmin insandır ki, Firona çevrilmişdir. Həmin şeytan Allaha 6 min il ibadət edir, hətta mələklərin müəllimi belə olur. Həm abid idi və həm də alim. Şeytanı, şeytan edən şey – təkəbbürü oldu və o məlun, Həzrət Adəm (ə) qarşısında səcdə etmədi.
Allah Təala şeytan barəsində buyurur: “Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir”. (“Kəhf” 50).


Nə üçün Allah-Taala (c.c) şeytanı məhv etməyir?!


Allah Qadirdir və istəsə, İblisi məhv edə bilər. Lakin Allah ona müəyyən günə qədər möhlət vermişdir, bəs niyə?
1. Şeytan Allahpərəst olmuşdur və abidlərdən idi. Allah ona görə ona möhlət verir ki, bəşər də onun kimi üsyan edən zaman, ondan fərqli olaraq tövbə etməyi bacarsın. Yəni, etdiyi pis işləri tövbə və istiğfarın vasitəsilə aradan qaldırmağı öyrənsin.
2. Şeytan öz vəsvəsələri ilə insanın tərəqqi etməsinə səbəb olar. İnsan azadlıq kimi bir nemətdən bəhrələnir. İxtiyar sahibi olmaq o zaman mümkün olur ki, həm xeyir olsun, həm də şər. İnsan hər an iki yol ayrıcında qərar tutar: dünya və axirət, din və imansızlıq kimi. Peyğəmbərlər (ə) insanlara düz yolu göstərmişdir və insan da öz iradəsi ilə öz yolunu seçər. Belə ki, əgər insan saleh əməlləri ilə dünya tarlasını becərərsə, ürəyi hər cür ələf və otdan pak olar. Niyyəti xalis olar və kamala tərəf can atar. Ancaq əgər Allaha pənah aparmazsa, şeytanın ardınca gedərsə, onun tələsinə düşər. Nəticədə vəsvəsələrinin əsiri olar və bu insanın gələcəyi yoxdur.


Ölülərin ruhları ailələrini ziyarətə gəlirmi?


Cümə axşamının dinimizdə özünəməxsus yeri vardır. Bu özünəxsusluğun bir nişanəsi də hədis və rəvayətlərə əsasən dünyasını dəyişmiş insanların evlərini ziyarət etmələri ilə əlaqədardır. Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin ruhları hər cümə dünya səmasında evlərinin bərabərinə gəlib hər biri qəmli səslə ağlayaraq belə deyəcəklər: “Ey mənin ailəm, övladlarım, ey atam, ey anam, ey əqrabalarım, bir dirhəm pul ilə (onu sədəqə verib savabını bizə hədiyyə etməklə), yaxud bir geyimlə də olsa (onu bir fəqirə verib savabını bizə hədiyyə etməklə) bizə acıyın ki, Allah da sizə Cənnət geyimlərindən geydirsin.” Sonra Allah Rəsulu (s) ağladı, onunla olanlar da ağladılar.
Daha sonra Peyğəmbər (s) belə davam etdi: “Onlar sizin din qardaşlarınızdırlar. Öz hallarına fəryad edib ağlayırlar və belə deyirlər: “Əgər əlimizdə olanları Allahın itaəti və rizası üçün xərcləsəydik, o zaman sizə möhtac olmazdıq.” Sonra evlərindən geri qayıdarlar. Qayıdarkən: “Ölülər üçün sədəqə verməkdə tələsin” deyə səslənərlər.” (“Müstədrək”, c. 2, səh. 485; “Səfinətul-Bihar”, c. 2, səh. 554-555)


Qədr gecəsinin hansı olması niyə gizli saxlanılır?


Məsumlardan (ə) Qədr gecəsi haqqında soruşanda dəqiq məlumat verməmişdilər. Belə ki, Həzrət Peyğəmbər (s) Ramazan ayının son on gününü əhya saxlayardı. İmam Sadiq (ə) isə buyurmuşdur: “Qədr gecəsi Ramazan ayının 21 və 23-cü gecəsidir”. Nəql edən bu iki gecədən hansının olduğunu bilmək istəyir və deyir: “Əgər hər iki gecədə ibadət edə bilməzsəm, bunlardan hansını seçim?”. İmam (ə) təyin etməmişdir və buyurmuşdur: “İstədiyin şey üçün bu iki gecə necə də asandır”.
Lakin Məsumlar (ə) ən çox 23-cü gecənin Qədr gecəsi olduğuna gizli də olsa, işarə etmişdilər. Qədr gecəsinin bu qədər gizli olmasının səbəbi budur ki, onun bütün gecələrini əhya saxlayaq. Necə ki, Allah razılğını itaətlərin içində gizlətmişdir ki, insanlar bütün ibadətlərə əhəmiyyət versinlər. Qəzəbini günahların arasında gizlətmişdir ki, hər günahdan çəkinsinlər. Dostlarını insanların arasında gizlətmişdir ki, hamıya hörmət etsinlər. Əzim adını qalan adları içərisində gizlətmişdir ki, hamısını böyük hesab etsinlər. Ölüm vaxtını gizlətmişdir ki, hər bir halda ona hazır olsunlar. Əməllərin qəbul olduğu bu gecənin fəzilətindən məhrum qalmayaq.


Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Əslində mələklər Həzrət Adəmə (ə) nə üçün səcdə etdiklərinin səbəbini yaxşı başa düşürdülər. Onların niyyəti Adəmi (ə) böyük hesab edib, ona səcdə etmək deyildi, sadəcə Allahın əmrinə itaət etmək idi. Çünki Allah onlara bu əmri vermişdir və onlar da yaxşı bilirdilər ki, Allah heç bir əmri səbəb olmadan verməz.
Beləliklə deyə bilərik ki, mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri – ibadət deyil, itaət məqsədini daşıyırdı ki, İblis bu yolda təkəbbürə düçar olur və günah işlədir. Əslində həm Adəmə (ə) və həm də Yusifə (ə) edilən səcdələr Allaha şamil olmuşdur,


Görəsən Allah insandan sonra başqa bir varlıq xəlq edəcəkdirmi?


Əbu Xalid nəql edir ki, İmam Sadiqə (ə) dedim: “O zaman ki, behişt əhli behiştə və cəhənnəm əhli cəhənnəmə daxil olacaqdır, sonra nə olacaqdır?”.Həzrət (ə) buyurur: “Əgər Allah istəsə məxluqlar yaradar və onlar üçün dünya icad edər. Bu işi görəcəkdir”.
Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqir (ə) buyurur: “Allah o gün ki, yer üzündə xəlqin yaradılışının bünövrəsini qoydu, yeddi aləm xəlq etmişdir ki, onlar Adəm övladı hesab olunmurdular. Bir-birinin ardınca orada sakin olmuşdular. Nəhayət məhv olmuşdular. (Allah) Adəmi (ə) yaradır və övladlarını onun nəslindən xəlq edir.


Bəzi elmi kəşflər dinlə uzlaşmır. Əksinə bəzən dini nəzəriyyələrin əksinə olur. Din bu məsələni necə həll edir?


Bismillahir-rəhmanir-rəhim. Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1. Dindən hər hansı bir nəticəni almaq üçün ilkin surətdə onun qeydlərini və müxəssislərini (xüsusiyyətlərini və istisnalarını) tanımaq lazımdır. Bu geniş və ümumi tanışlıqdan sonra biz dindən hər hansı bir nəticəni ala bilər və ya ona nisbət verə bilərik. Yəni bu prosesi keçməmiş heç bir nəzəriyyəni din barəsində yürütmək olmaz. Bundan əlavə ayə və hədislərə müraciət etmədən heç bir nəticə ala bilmərik.
2. Zəka İslam dininin nəzərində Allahın ümdə dəlilidir. Əgər hər hansı bir nəzəriyyə əqil və dəlil yolu ilə sübuta yetirilsə din onu sözsüz qəbul edir. Bu yolla sübuta yetirilmiş nəzəriyyə Quranın və hədislərin yazılmamış (qeyri ləfzi, lobbi) qanununa çevrilir. Yəni ayə və hədis onun təsdiq möhrünü vurur...


Quran, namaz və bu kimi başqa vacibatlar gərək ərəb dilində oxunsun ya hər dildə ola bilər?


Bismillahir-rəhmanir-rəhim. Qurani-kərim məna cəhətdən möcüzə olmaqla yanaşı, nəzm baxımından da möcüzə olduğu üçün onun ərəb nəzmi qorunmalıdır. Namazın ərəb dilində oxunmasının səbəbi budur ki, namazda hər rəkətdə müəyyən miqdarda Qurandan (“həmd” surəsi, ya başqa surə) oxunmalıdır. Başqa bir tərəfdən dinin əsas mənbəyi olan ayə və rəvayətlər ərəb dilindədir. Müsəlmanların ərəb dilinə olan diqqəti bu səbəbə görədir.


İslam dininə əsasən Bəxtin gətirməsi vardırmı?


İslam dini bizə öyrədir ki, bəxtin gətirməsi mövcud deyildir. Hər bir hadisənin nəticəsi onun səbəbindən asılıdır. Bu dünyada səbəb olmadan nəticə olmaz. Hər kim bəxt olduğunu iddia edirsə, Allahın varlığına inanmır deməkdir. Bu dünyada hər bir şey Allahın əlindədir və Onun qüdrətinə tabedir. Bu mövzu fəlsəfə elmində sübut olmuşdur. Lakin bəziləri deyir ki, adətən həsəd aparan insanın bəxti başqalarından daha çox olur. Baxaq görək, həsəd aparmaq nədir? Həsəd odur ki, insan başqasının əlində olanın aradan getməsini arzu edər. İstər bu nemət ona çatsın, istərsə də çatmasın. Həsəd aparının əqidəsinə görə bu nemətin həmin şəxsin əlində olması adil deyildir. Adətən həsəd aparan şəxs həmişə istəyər ki, nemət sahibi həmin nemətdən məhrum olsun...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter